Abşeron rayonunda müəssisənin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu, Bakı-Sumqayıt şossesi, 13-cü kilometr ünvanında yerləşən “Bolluq LTD” MMC-yə məxsus istehsalat sahəsində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub, anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub, obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb, anbar tikililərindən birindən həm anbar, həm də istehsal sahəsi kimi istifadə olunub, obyektin anbar sahəsində tezalışan materiallardan ibarət otaq quraşdırılıb, istehsalat sahəsində quraşdırılmış taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb, anbar və istehsalat sahələrinin bəzi çıxış qapılarının qarşısı əşyalarla tutulub, obyektin ərazisində elektrik transformatorunun ətrafı tezalışan yanar materiallardan təmizlənməyib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və obyektin istehsalat və anbar sahələrində daxili yanğın su kranları tam quraşdırılmayıb.

Bu səbəbdən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

.