Yenizaman.az Teleqraf.com-a istinadən bu gün 70 yaşını qeyd edən şair Ramiz Rövşənlə müsahibəni təqdim edir:

 

-Ramiz müəllim, ənənəvi sualla başlayaq: 70 yaşda özünüzü necə hiss edirsiniz?

 

-Heç bir dəyişiklik hiss etmirəm. 69 yaşda necəydimsə indi də eləyəm.

 

-Doğum gününüzü necə keçirirsiniz?

 

-Həmişəki kimi – dostlarla...

 

-Uzun və çətin sınaqlardan keçən bir ömür yaşamısınız. Bu yolda itirdiyiniz, qazandığınız adamlar olub. Heç köhnə dostlardan zəng edib, təbrik edən oldumu – məsələn, Əkrəm Əylisli...

 

-Yox, eləmədi, amma məncə, təbrik etməmək üçün heç bir səbəb yoxdur.

 

-Uzun müddət ictimai mövqeyi olan, ölkədə baş verən siyasi hadisələrə açıq münasibət bildirən bir qələm adamı olmusunuz. Son illər sanki bir az kənara çəkilmiş kimi görünürsünüz. Bu da insanlarda təəccüb, təssüf, bəzən də qəzəb doğurur.

 

-Əvvəla, onu deyim ki, məndən nə vaxt, nə soruşublarsa, cavab vermişəm. Cavab verməkdən ehtiyat etdiyim, çəkindiyim, heç bir sual yoxdur. Eləcə də, kimdənsə çəkinəcəyim olduğunu düşünməsinlər. Bu cəhətdən tam azadam. Necə ki, 20, 30, 40 il əvvəl azad idim.

 

Sadəcə, yaşımın 70-i haqladığı bir vaxtda xeyli yarımçıq işlərim var. Onları mütləq tamamlamalıyam. Hazırda da bununla məşğulam. Mən şairəm. Sənətimin adı şairlikdir, məni şair olduğuma görə seviblər. Ancaq yenə cəmiyyətin bütün ağrılı məqamlarına həmişə reaksiya vermişəm.

 

İkincisi, mən on il qabaq bir kitablıq müsahibə vermişəm. Dediyim sözləri təkrarlamaqda heç bir məna görmürəm. Çünki nə situasiya dəyişib, nə də mənim münasibətim. İcazə verirəm, illər əvvəl verdiyim müsahibələri yenidən çap edə bilərlər. 

 

Ümumiyyətlə, 70 yaşın yanaşması başqadır. Mənim missiyam şairlikdir. Hərdən adamlar mənim şairliyimi unudurlar (gülür). Heç vaxt olmayıb ki, məndən nəyisə soruşanda reaksiya verməyim. Nə soruşublarsa, cavab vermişəm. Amma təkrar-təkrar eyni sözləri deməkdən xoşum gəlmir. Onsuz da indi danışan çoxdur. 

 

Ramiz Rövşən vaxtında elə sözlər deyib ki, onları deməyə heç kimin cəsarəti çatmayıb. Mənim meydanda tək dayandığım vaxtlar da olub. İndi mübarizə yoxdur, onun imitasiyası var. Bunu da mən qəbul etmirəm. 

 

-Ramiz müəllim, bəlkə, bizim cəmiyyətdə heç şair sözünə ehtiyac yoxdur? 

 

-Elə deyil. Mənim son illər yazdığım şeirlərin doğurduğu rezonansa fikir verin. Yüz müsahibədə deyə bilməyəcəyimi bir şeirdə deyirəm. Çünki yüz müsahibədə yüz adamın deyə bilməyəcəyini bir şeir deyə bilir. Bir şeirin insanlarda doğurduğu rezonans, ab-hava yüz çıxışdan qat-qat artıqdır. O şeirləri yazmaq lazımdır. Və hesab edirəm ki, son illər mən o şeirləri yazıram. Adam çox danışanda çox yaza bilmir (gülür). Mənə elə gəlir ki, daha çox yazmaq lazımdır. 

 

-Yazırsınızmı, kitabınız çıxacaqmı?

 

-Görməli çox işlər var. Cildlərimi hazırlamaq istəyirdim, amma çatdıra bilmədim. Güman ki, müxtəlif səpkili kitablar çap etdirəcəm. Cildlər hazırlamaqdan kitab hazırlamağı daha üstün tutdum. Çap olunmayan kinopovestlərim də vardı. 70-ci illərin birinci yarısında yazdığım şeirləri, kinopovestləri demək olar ki, çap eləməmişəm. "Xəzər” jurnalının dekabr nömrəsində bəziləri nəşr olunacaq. Bu il "Azərbaycan” jurnalının 12-ci nömrəsində "Xəyanət” kinopovestim çap olunub. İndiyə qədər kinopovestlərimi nəşr etdirməmişdim. Düşündüm ki, 70 yaşdan sonra onları saxlamağın mənası yoxdur (gülür).

 

-Çox səbirli olmusunuz...

 

-Mənim ən böyük kitabım "Nəfəs” idi. Orda üç nəşr olunmuş şeir kitabını toplamışdım. Bayaq dediyim şeirlər o kitabların şeirləri deyildi. Ona görə "Nəfəs”ə salmadım. Amma artıq onları da çap elətdirmək olar. Yaradıcılığımın çap olunmayan bir-iki mərhələsi qalıb hələ.

 

-Bu yaxınlarda sizin də əməkdaşlıq etdiyiniz Tərcümə Mərkəzi publik hüquqi şəxs elan olundu. Bu sistemə keçdikdən sonra qurumun fəaliyyətinin zəifləyəcəyini deyənlər var. Siz Mərkəzin gələcəyini necə görürsünüz, sizcə, bu qurum 90-cı illərdəki ağır günlərinə qayıda bilərmi?

 

-Mənə elə gəlir ki, Mərkəz 90-cı illərə heç vaxt qayıtmayacaq. Bu qərar heç qətiyyən hadisələri ora istiqamətləndirmir. Tərcümə Mərkəzi son 2 ildə çox böyük iş görüb. Azərbaycanda ən peşəkar qurumlardan biridir, ən peşəkar tərcüməçilər oradadır. Nə qədər işlər görülüb, xeyli kitablar tərcümə olunub. Tərcümə Mərkəzi yenə öz işini görəcək, uğurlar qazanmağa davam edəcək. Mən Mərkəzin fəaliyyətini yüksək qiymətləndirirəm.

 

Azərbaycanın gələcəyi və xoşbəxtliyi peşəkarlıqdadır. Adamlara peşəkarlığına görə qiymət vermək lazımdır. Bizdə dil qəhrəmanı çoxdur, amma peşəkarlığa gələndə görürsən çox şey axsayır. Bu, ədəbiyyata da, elmə də, jurnalistikaya da aiddir. Ən böyük faciələrimizdən biri diletantlıqdır. Son illərdə diletantlıq hər yerdə at oynadır. Televiziyalarda isə əməlli-başlı "gül vurur”.

 

-Yazıçılar Birliyinin sədri Anarla neçə ildir dostluq edirsiniz. Bəzən gənclər bunu sizə irad tuturlar. "30 ildir bir təşkilata rəhbərlik edən adamla dostluq edir” deyirlər...

 

-Anarla 50 ilə yaxındır dostuq.  Mənim Yazıçılar Birliyinə münasibətim belədir: AYB-nin olması olmamasından yaxşıdır. Yazıçılar Birliyi sovet sisteminin qurduğu təşkilat idi. İndi o imkanlar yoxdur. Amma yazıçılara, onların sənətinə münasibətim dəyişilməz qalır. Bayaq Əkrəm Əylislini soruşdunuz, mənim Əkrəmin yaradıcılığına münasibətim dəyişməzdir. O, Azərbaycanın 60-cı illərdə yetişən ən istedadlı yazıçılarından biridir. Anara münasibətim də dəyişməzdir. Onu Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, intibahının ən ciddi və böyük fiqurlarından sayıram. Bizim ədəbiyyatımız, mədəniyyətimiz 60-cı illərdə böyük intibah yaşayıb. Bu adamların hamısı böyük intibahın övladlarıdır. Onlara münasibəti necə dəyişmək olar?

 

Çox təəssüflər olsun ki, cavanların davası sənət davası deyil. Onların içində istedadlıları da var, amma davaları sənət davası deyil. Siz eşitmisiniz ki, mən hansısa şair haqda tənqidi söz deyim? Amma 70-ci illərdən üzü bəri bütün çap olunanlar, eləcə də, mənimlə bağlı çoxlu sözlər deyilir. Biz ortaya yazı qoymuşuq. Yazı özü hər şeyi deyir. O şeyi ki, mətn bacarmayacaq, onu yüz dəfə desən də xeyri yoxdur. Dediklərimiz yox, yazdıqlarımız bizim haqqımızda hər şeyi deyir.

 

-Ramiz müəllim, ad gününüzü təbrik edirik. Allah uzun ömür versin, yaradıcılıq uğurlarınız bol olsun.

 

-Çox sağ olun, təşəkkür edirəm.

 

Nərmin Muradova

Mövlud Mövlud

.