Elə bir insan tapılmaz ki, zamanı bir anlıq olsa belə, geriyə qaytarmaq istəməsin və yaxud "kaş ki, vaxtı dayandırardım" arzusu ürəyindən keçməsin. Bu gün sizə təqdim edəcəyim qəhrəmanım da belə bir arzusu olduğunu etiraf edir. Deyir ki, həyatımın elə anları, elə dəqiqələri olub ki, "zamanı kaş ki, saxlaya bilərdim" demişəm. Amma buna gücü çatmasa da, düzəltdiyi saatlardan birini geriyə işlədə bilib.
 
Bakının məşhur saatsazı Usta Hacının sorağını eşitməyən çox az adam tapılar. Çünki onun düzəltdiyi saat bir daha xarab olmur. Maraqlı işləri var Hacının. Amma ən maraqlısı odur ki, hamımızın tanıdığı məşhur saatsaz Hacı zamanı geriyə çevirmək istəməyib, əksinə, hər bir insanın öz keçmişinə, dünəninə baxıb, gələcəyini necə yaşamalı, necə qurmalı olduğunu anlatmaq istəyib.
 
Uşaqlıqdan saatsaz peşəsinə həvəsi olduğunu deyən həmsöhbətim valideynlərinin təkidi ilə bərbərlik peşəsinə yiyələnmək istəyib: "1955-ci il mart ayının 21-də Bakı şəhərində anadan olmuşam. 16 yaşıma çatanda qərara gəldim ki, bir sənət öyrənim. O vaxt işə düzəlmək çox çətin idi. Tanışın olmalı idi. Dayım bu fikrimi eşidəndə məni Sumqayıt şəhər Məişət Xidməti İdarəsinə apardı. Mənə bir neçə peşə təklif etdilər. Mən isə dedim ki, saatsaz olmaq istəyirəm. Məni yəhudi bir ustanın yanında şagird kimi təyin etdilər və 6 ay onun yanında işlədim".
 
Ustasının çox qısqanc olduğunu xatırlayan Hacı deyir ki, bu sənətə gəlişi təsadüfi olsa da, elə ilk gündən özünə "mən yaxşı sənətkar olacağam" deyə söz verib. Beləliklə, saat təmirinin ən xırda detallarına varıb, altı ay şagird kimi çalışıb. Sonradan valideynlərinə deyib ki, artıq usta kimi çalışa bilər: "6 ay usta yanına getdim. Çox sevməzdi öyrətməyi. Amma mən onun hər gördüyü işə gözucu da olsa, diqqətlə baxardım. Bir də mən sizə bir söz deyim, çox kasıb ailənin uşağı olmuşam. O vaxt da hamı usta yanına gedəndə ona hədiyyə və yaxud pul verərdi. Mənim isə buna imkanım çatmazdı. Ona görə nəyisə ustamdan öyrənmək istəyəndə deyərdim ki, sabah sənə bir konyak hədiyyə edəcəm, bax, onda daha dəqiqliklə hər şeyi mənə izah edərdi. Bir müddətdən sonra yenidən dayımın yanına gedib işləmək istədiyimi dedim, o isə yenidən əlimdən tutub məni ustamın yanına apardı. Dedi ki, daha altı öyrənməlisən ki, səndən usta olsun".
 
Nəhayət, bir ildən sonra Hacı Sumqayıtda sərbəst olaraq saatsaz kimi işləməyə başlayır. 1994-cü ildə Bakıya gəlib, öz pulu ilə indi söhbət etdiyimiz balaca yeri alır və özünə emalatxana düzəldir: "Sənətin pisi yoxdur, sənətkarın pisi var. Hansı sənətdə olursan-ol, gərək onu sevəsən, işə ürəkdən girişəsən. O zaman adam nailiyyətlərə çatır. Mən sənətimi sevirəm, onunla nəfəs alıram. Bəziləri bu sənətə gələndə ağa kimi gəlirlər, istəyirlər özlərini ağa kimi göstərsinlər. Amma mən bu sənətə qul kimi gəlib, padşah kimi tanınmışam - balamın canı üçün. Həmişə arzum bu olub ki, məni yaxşı sənətkar kimi tanısınlar, barmaqla göstərsinlər. Şükür Allaha, bu dəqiqə belədir, hara gedirəm deyirlər Usta Hacı gəldi...”
 
Dünyada elə bir saat yoxdur ki, Usta Hacı onu düzəltməsin: "Elə bir saat yoxdur ki, mən onu düzəldə bilməyim. Düzəltdiyim saat bir də xarab olmur. Dünyada düzəlməyən saat şüşələrini düzəldirəm. Elə edirəm ki, zavod istehsalından fərqlənmir. Məsələn, şüşə sınır, mən ora özümdən başqa şüşə düzəldirəm. Ümumiyyətlə, bura gələn ümidlə gəlir, çünki Usta Hacını tanıyırlar. Vəzifəli şəxslərdən də məni tanımayan yoxdur, cənab prezident İlham Əliyev məni şəxsən tanıyır. Üç dəfə görüşüb mənimlə, sağ olsun, bilir ki, Azərbaycanda belə bir usta var. Birinci görüşündə dedi ki, Hacı, sənin səsin-sorağın bizim Prezident Aparatını götürüb, hamı səndən danışır".
 
Saatsazın dediyinə görə, məşhur adamların 95%-i saatlarını ona düzəltdirir. Vəzifəli şəxslərdən də kimin saatı xarab olursa, göndərirlər ki, aparın bunu Hacı düzəltsin. Bir sözlə, nazirdən tutmuş müğənniyə kimi hər kəs onu tanıyır: "Sovet İttifaqı dağılmamışdan bir neçə il əvvəl idi. O vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov yoldaş idi. O, əvvəldən bir nəfərin vasitəsilə iş qabiliyyətim haqqında öyrənmişdi, daim öz sevimli saatını mənə düzəltdirirdi. O zaman altında oturduğumuz binanın yanında bir dövlət dükanı vardı, onun içərisində bir otaqda işləyirdim. Kamran müəllimlə münasibətim yarandı. Beləliklə, onun da saatlarını mən təmir etməyə başladım".
 
Bahalı müştərilərinin çox olub-olmaması ilə maraqlandım. Usta nəinki imkanlı müştərilərin, hətta ölkədə tanınmış məmurların da saatları üçün mütəmadi onun yanına gedib-gəlmələrindən danışdı. Azərbaycanlı məmurun 200 min dollarlıq saatını düzəltdiyini deyən həmsöhbətim onun üçün sənətin çətinliyinin olmadığını qeyd edib: "Azərbaycanlı məmurun 200 min dollarlıq saatını təmir etmişəm. Onu neçə  yerə göstərmişdilər, amma düzəldən olmamışdı. Məndən soruşanda ki, düzəldə bilərsən, dedim əlbəttə, 100 faiz. İnanmırdılar ki, onu düzəldə bilərəm. Düzəldəndən sonra 3-4 dənə başqa bahalı saatı da yanıma gətirdilər. Materialla bağlı çətinliklər olub. Elə olur ki, lazım olan materialı tapa bilmirsən. Çox nadir hallarda ola bilər ki, saat buradan geri qayıtsın. O da material çatışmazlığından ola bilər. Amma indi alverçilər xaricdən hər şey gətirir. Artıq nə cür ehtiyat hissəsi desən, tapmaq olur”.
 
Çox kiçik bir otaqda, hər tərəfi saat aksesuarları, xırda detallarla dolu olan iş stolunun arxasında oturan Usta Hacı 46 ildir saat təmiri məşğul olduğunu deyir. Ömrünün 20 ildən çoxunu isə Rus Dram Teatrının yanında yerləşən bu darısqal otaqda keçirib və səsini buradan dünyaya duyurub: "Dünyada 120 müxtəlif peşələrdən olan sənətkar seçilib. Heydər Əliyev Fondu da mənim namizədliyimi  verib. Noyabrda İtaliyanın Milan şəhərindən 10 nəfərlik heyət Bakıya gəlmişdi. Şəklimi, videomu çəkdilər, müsahibələr aldılar. Mənə dedilər ki, 2015-ci ilin may ayında səni bütün dünya tanıyacaq. May və iyun aylarında Milan şəhərində qoyulan monitorlarda hər bir dəqiqədən bir 120 sənətkarı, o cümlədən məni göstəriblər. Bu, həmçinin televiziya ekranlarında da gedib. Dövlətimizdən çox razıyam, mənə yüksək qiymət verilir. Hətta 2011-ci ildə mənim haqqımda dövlət sənədli film çəkib".
 
Usta Hacı əmindir ki, dünyada düzəlməyən saatları düzəldə bilər. Azərbaycanda yox, dünya miqyasında sənətkar axtarır ki, onun qarşısına çıxsın: "Mən saatda elə "priyom"lar bilirəm ki, qarşıma heç kəs çıxa bilməz, onları "mələdərəm". Əgər dünyada saatdüzəltmə üzrə yarış keçirilsə, qızıl medalı boynumda birinci mən gətirərəm Azərbaycana. Güləşçi özünə inandığı kimi, mən də sənətimə inanıram”.
 
Usta ilə söhbət əsnasında divarlara yapışdırılmış qəzetlər də nəzərimizdən qaçmır. Azərbaycan, rus və ingilis dilli qəzetlərin bir neçəsində ustanın prezidentlə görüşünü əks etdirən məqalələr dərc olunub. Bunlara baxmayaraq, qəhrəmanımızın başqa arzu və istəkləri də var: "Yerim dardır. İstəyərdim ki, daha iri saatlar düzəldim. Dünyanın əksər ölkələrindən qonaqlar gəlir. Maraqlanırlar ki, belə bir usta var, gəlib hətta bura baxırlar. Özləri də hərdən sual verirlər ki, sənin kimi usta niyə belə bir şəraitdə işləyir?”
 
Söhbətimiz zamanı ustanın bir neçə müştərisi oldu. Onların gətirdiyi saatlar ilk baxışdan bahalı olması ilə seçilirdi.
 
Usta Hacının ali təhsili yoxdur. Nədənsə özü oxumaq istəməyib. Lakin hazırkı mövqeyinə görə o, ilk növbədə sənətinə minnətdardır. Övladlarından yalnız biri onun sənətinin sirlərini öyrənib və hazırda atası ilə birgə çalışır.
 
Söhbətimiz yekunlaşanda bayırda bərk yağış yağırdı. Ustaya "bəlkə zamanı burda saxlayaq?" deyə müraciət etdik. O isə cavabında "İnanmayacaqsan, amma ömrüm boyu qolumda saat olmayıb" cavabını verdi.
 
Unutmayaq ki, zaman bir daha gəlməmək şərti ilə gedir...
.