Yenizaman az. 317 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Cavid Cəfərzadənin deyerlerimiz.az saytına təhsilin problemləri ilə bağlı müsahibəsini təqdim edir:
– Yeni dərs ilinin başlamasına az qalıb. Sizcə müəllim-şagird-valideyn münasibətləri nə cür tənzimlənməlidir?
– Bilirik ki, bu günləri ümumtəhsil məktəblərdə ən mühim məsələlərdən biri müəllim-valideyn münasibətlərinin düzgün tənzimlənməməsidir. Bunun səbəbi isə təhsil sistemimizdə olan boşluqlarla əlaqədərdir. Bir pedoqoq kimi demək istəyirəm ki, müəllim-valideyn münasibətlərinin düzgün tənzim olunmamasında ən mühim amillərdən biri müəllimin pedoqoji fəaliyyətinin zəif olmasından irəli gəlir, Həmçinin valideynlər də öz üzərlərinə düşən vəzifələri düzgün dəyərləndirmirlər. Bu kimi məsələlərin həll olması üçün hesab edirəm ki, orta məktəblərdə xüsusi dərnəklər yaradılmalı, valideynlər ora cəlb olunmalı, xüsusi təlimlər keçirilməli, valideyn-müəllim münasibətləri tənzimlənməlidir. Dünya təcrübəsindən istifadə olunmalıdır. Ən əsası isə valideynlər müəllimə rüşvət mənbəyi kimi yox, ziyalı kimi baxmalıdırlar. Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, valideynlər həta ən kiçik məsələdə belə müəllimlə anlaşa bilmirlər. Vay o halda ki, belə vəziyyətdə müəllim təcrübəsiz olsun. Məktəb nizamnaməsinə görə müəllimin, valideynin, şagirdin vəzifələri və hüquqları var. Bunlar mənimsənilsə ümid edirəm ki, müəllim-valideyn münasibətləri tənzimlənmiş olar. Təkrar edirəm, bu məsələdə dünya təcrübəsindəndə istifadə etmək lazımdır.
– Dərsliklərdə hələdə mövcud problemlər qalır. Bu cür neqativ halların aradan qalxması üçün hansı addımlar atılmalıdır?
– Bu problem artıq cəmiyyət üçün mühim məsələlərdən biridir. Dərsliklərdə mövcud olan problemlərin aradan qalxması üçün Təhsil nazirliyinin apardığı islahatlar təqdirə layiqdir. Mən ümid edirəm ki, bu islahatlar istədiyimiz nəticəni verəcək. Bəs əslində dərslik necə olmalıdır? Dərsliklər müasir standartlara cavab verməlidır. Ümumtəhsil məktəblərində dərsliklərlə bağlı problem, nöqsan olanda məktəblər üzrə komissiyalar yaradılır və bu komissiya üzvlərinə müəllimlər tərəfindən mövcud nöqsanlar barədə məlumat verilir. Həmin məlumatlar Təhsil nazirliyinə təqdim olunur. Növbəti tədris ilində isə aşkarlanmış nöqsanlar aradan qaldırılır. Düzdür bu məsələ büdcəyə müəyyən mənada ziyan vursa da, müəlliflər hazırladıqları dərsliklərə daha diqqətlı olurlar. Ümid edirəm ki, tezliklə bu məsələlər də aradan qalxacaq..
– Bakının 30 məktəbində eksperiment olaraq məktəb müşavirləri fəaliyyətə başlayacaqlar. Sizcə yeni təsisat nəyə isə nail ola biləcəkmi?
– Təhsil Nazirliyinin 2016-2017-ci tədris ilində məktəblərdə yeni vəzifəyə başlayan məktəb müşavirləri Asan Xidmət tərəfindən seçiləcək. Təyinatları üzrə məktəblərdə fəaliyyətə başlayacaqlar. Məktəb müşavirlərinin əsas vəzifəsi müəllim və şagird üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird – valideyn – müəllim, təlim-tərbiyə, kollektiv və rəhbərliyin maarifləndirmə, ümumiyyətlə diqnostik işlərin aparılması olacaq. Bununla yanaşı məktəb müşavirləri hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünü tərbiyə və özünü inkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər. Məktəb müşavirləri bu məsələnin həllində birbaşa yox məktəbin müəllim heyyəti ilə birgə fəaliyyət göstərməlidirlər. Əslində məktəb müşavirləri layihəsi çox düzgün bir qərardır. Müxtəlif ölkələrdə, ayrı – ayrı adlarla sınaqdan keçmiş məktəblinin dostu layihəsi, məktəblərdə əsl muasir standartlara cavab verən, fəal təlimə yardımçı olan layihə olacaq. Müsair təlimə əsasən biz şəxsiyyətyönümlü, şagirdyönümlü, hümanist, demokratik düşüncəli şagird yetişdirdiksə, məktəblinin dostu bu məsələdə biz pedoqoqlara yaxından yardım edəcək.
– Bu tədris ilindən ekspert olaraq gözləntiniz varmı?
– Öncə yeni tədris ilə münasibəti ilə şagirdləri və şərəfli bir ömür yaşayan müəllim ordusunu salamlayır, uğurlar arzulayıram. 2016-2017-ci tədris ilində gözləntilərim Təhsil nazirliyinin həyata keçirmiş olduğu islahatların nəticəsini görməkdir. Təhsildə neqativ halların aradan qalxması, nazirliyin bu məsələyə ciddi münasibətini bilərəkdən vurğulamaq istəyirəm ki, təhsildə rüşvətin aradan qalxması, bəzi məktəb direktorlarının özlərini hakimi mütləq kimi aparmasının, dərsliklərdəki neqativ halların aradan qalxmasını istəyirəm. Təhsilimizin inkişafınıdakı uğurları da danmaq olmaz. Bilirik ki, Azərbaycan uzun illərdir ki, neftədən asılı olan ölkələrdəndir. Dövlətin əsas gəliri məhz neftdəndir. Amma müasir təhsilimiz bizim dövlət olaraq neftdən asılılığımızı azalda bilər. Bunun üçün əksər sahələrdə güclü, mütəxəssis kadrlar yetişdirilməlidir. Mən buna nail olacağımıza şübhə etmirəm. Bununla yanaşı yeni tədris ilində "Məktəblinin dostu”, "Sabahın alimləri”, "Təlimçi” və s kimi layihələrin həyata keçməsi, orta məktəblərin QHT-lərlə əlaqəli fəaliyyət göstərməsi təhsilin, şagirdin inkişafına səbəb olacaq. Mənim gözləntilərim, təhsillə bağlı istəklərim təbii ki, bu qədər deyil. Bu məsələdə müəllim ordusuna böyük yük düşür. Müəllimlər, pedaqoqlar, ekspertlər əllərindən gələni etməli, cəmiyyətin, toplumun nümayəndəsi kimi üzərlərində düşən vəzifəni layiqincə yerinə yetirməlidirlər.
– Ölkədə aparılan kurikulum islahatı təhsilə hansı yenilikləri gətirdi?
– 1999 – cu il 15 iyun tarixli saziş Azərbaycan tarixinə Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat proqramı kimi daxil edildi. Kurikulum təhsili ənənəviliyindən çıxardı, inkişaf etməsinə səbəb oldu. Cəmiyyətdə ictimai münasibətlərin dəyişməsi, dünya təhsil sisteminə inteqrasiya, əvvəlki təhsilin müasir standartlara cavab verməməsi nəticəsində cəmiyyət yeni bir təhsil sisteminə ehtiyac duydu. Müasir gəncin demokratik, ədalətlilik, hümanistlik əsasında tərbiyə olunmasına, bununla yanaşı milli mənəvi dəyərlərin, ümumbəşər dəyərlərdə təbliğinə gətirib çıxardı. Kurikulum təhsil islahatının ən mühüm komponentidir. Müasir təlim nəticəsində şagirdlərdə özünə inam hissi formalaşdı, lider olmaq bacarığı üzə çıxdı, əməkdaşlıq, az vaxt ərzində fikrini sərbəst ifadə etmək, lakonik cavablar vermək, fərdin, cəmiyyətin tələblərini nəzərə alan hümanist bir insan yetişməsinin əsası qoyuldu. Ümumilikdə bu islahat təhsilin inkişafına və tərəqqisinə gətirib çıxardı. Tövhəsi isə güclü kadr yetişdirməkdir. Kurikulum islahatı İKT üsulunun inkişaf etməsinə və tədricən həytımızın ayrılmaz hissəsinə gətirib çıxardı. Əslində dünyanın bir sıra ölkələrində uğurla həyata keçirilən kurikulum, Azərbaycanda istənilən nəticəni verməkdədir. Bəzən tez-tez eşidirik ki, kurikulum təhsilin inkişafına mane olur. Bu belə deyil. Sadəcə zaman lazımdır ki, Azərbaycanda bu sahədə güclü mütəxəsis yetişsin. Əgər təhsildə demokratik, hümanist, ümumbəşəri dəyərləri, liberallaşmanı, inteqrativlik kimi ideyalar cəmiyyətə, topluma ötürülərsə orada tənəzzül ola bilməz. Çünki cəmiyyətin inkişafı onun birbaşa demokratik ideyalarla idarə olunmasındadır. Bu gün müasir təhsil sistemi şagirdlərdə, müəllimlərdə dünyagörüşün artmasına səbəb olub. Sadaladığımız xüsusiyyətlər birbaşa təhsilin müəyyən mənada inkişafından xəbər verir. O cümlədən təhsildə neqativ halların aradan qalxması üçün də ciddi nəzarət var.
– Təhsil nazirliyi ötən təhsil ilndə bəzi məktəb direktorlarını cəzalandırdı. Bəzilərini isə vəzifədən kənarlaşdırdı. Çalışdığınız məktəbin saiq direktoru Cavad Səfərovda tutduğu vəzifədən azad edilib. Bu məsələ də çox aktualdır.
– Kimliyindən aslı olmayaraq hər hansı bir şəxs təhsil sahəsində rüşvət alırsa və məktəbi bazara döndərirsə, həmin məktəb direktoru və ya müəllimlə bağlı müvafiq ölçü götürülməlidir. Hal-hazırda şəhər məktəblərində bu məsələyə ciddi yanaşlır. Rüşvət alan məktəb rəhbəri təbii ki, tutduğu vəzifədən azad edilməlidir. Məktəb təhsilin ocağıdır. Məktəbdə elm, təhsil, savad verilməlidir. Qaldı ki, çalışdığım məktəbin sabiq direktoruna, sayəmdə reklam olunmasını istəmirəm. Təhsil Nazirliyi onu vəzifədən azad edibsə, deməli səbəb var. O şəxsin tutduğu vəzifədən azad edilməyi gözlənilən idi. Mən bundan artıq həmin şəxs haqqında danışmaq və ya hər hansı fikir bildirmək istəmirəm. Əsas məqsədim təhsildə innovatiyanı təbliğ etməkdir. Kim rüşvət alırsa mütləq cəzalandırılmalıdır.
.