“İqlim dəyişməsi – bəşəriyyətin üzləşdiyi ən böyük problemdir. Bu, bizim hər birimizə toxunur, xüsusilə də ən həssas insanlara. Biz bundan da artıq gözləyə bilmərik. Biz artıq tədbir görürük, lakin biz bundan da artıq etməliyik və bunu tez bir zamanda etməliyik: biz radikal şəkildə istixana qazları emissiyalarını azaltmalıyıq və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməliyik”.

Yenizaman Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) saytına istinadən xəbər verir ki, bu barədə bu vəzifənin icrasına 2024-cü il yanvarın 1-dən başlayan təşkilatın baş katibi Selesta Saulo bildirib.

S.Saulo qeyd edib ki, soyuducu təsirə malik olan La-Ninyo fenomenindən istiləşməyə səbəb olan El-Ninyo fenomenə keçid 2023-cü ilin ortalarına qədər ötən il ilə müqayisədə temperaturun yüksəlməsinə gətirib çıxarıb. Nəzərə alaraq ki, El-Ninyo pik vəziyyətindən sonra adətən qlobal temperaturlara ən böyük təsir edir, 2024-cü il 2023-cü ilə nisbətən daha isti ola bilər, deyə, o vurğulayıb.

“El-Ninyo hadisələri təbii şəkildə baş versə də və ildən-ilə gəlib getsə də, uzunmüddətli iqlim dəyişməsi artır, və bu birmənalı olaraq insan fəaliyyəti ilə əlaqəlidir”, – deyə Saulo bildirib.

ÜMT-nin məlumatına əsasən, 1980-ci illərdən başlayaraq, hər onillik ötən onillikdən daha isti olub. 2014-2023-cü illərdə on il ərzindəki orta göstərici 1850–1900-cu illərdəki orta göstəricilərlə müqayisədə 1,2 dərəcə yüksək olub.

 

El-Ninyonun təsadüf etdiyi 2016-cı il, eləcə də 2020-ci il bundan əvvəl bütün müşahidələr dövründə ən isti illər hesab olunub: bu illərdəki qlobal temperatur sənaye dövründən əvvəlki göstəricilərə münasibətdə müvafiq olaraq 1,29 dərəcə və 1,27 dərəcə daha yüksək olub.

ÜMT rəsmi olaraq təsdiq edib ki, 2023-cü il bütün müşahidələr tarixində ən isti il olub – həm də böyük fərqlə. Ortaillik qlobal temperatur sənaye dövründən əvvəlki göstəricilərə münasibətdə demək olar ki, 1,5 dərəcə daha yüksək olub. Xatırladaq ki, Paris İqlim Sazişi temperaturun uzunmüddətli artmasının məhz 1,5 dərəcə ilə məhdudlaşdırılmasına yönəldilib.

2023-cü ilin iyun-dekabr arasındakı hər ay yeni temperatur rekordları qeydə alınıb, iyul və avqust ayları isə bütün müşahidələr dövründə iki ən isti ay olub.

2024-cü ilin martında ÜMT 2023-cü ildə qlobal iqlimin vəziyyəti haqqında yekun hesabatını açıqlayacaq. Sənədə ərzaq təhlükəsizliyi, əhalinin yerdəyişməsi və sağlamlığa sosial-iqtisadi təsirlər haqqında ətraflı məlumat daxil olunacaq.

.