Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb.

Yenizaman xəbər verir ki, cari ilin 30-31 may tarixlərində keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması”dır. Konfransın birinci günü Zəngilan, ikinci günü isə Bakı şəhərində baş tutacaq.

Konfrans, ölkəmizin mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.

Konfransa beynəlxalq ictimaiyyət tərəfindən yüksək diqqət göstərilir. Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.

Zəngilan şəhərində keçirilən konfrans, mina partlayışı nəticəsində zərərçəkmiş Tamam Cəfərovanın mina qurbanları adından dünya ictimaiyyətinə müraciəti ilə başlayıb. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev iştirakçıları salamlayıb, bildirib ki, beynəlxalq konfransın Zəngilanda işə başlamasının böyük rəmzi mənası var. Zəngilanın Ağalı kəndi yenidən qurulan və keçmiş məcburi köçkünlərin qayıtdığı ilk yaşayış məskənidir. Bu miqyasda işlərin aparılması məhz minaaxtaranların gərgin əməyi sayəsində həyata keçirilir, insanların təhlükəsizliyi təmin edilir və minaların ətraf mühitə təsiri azaldılır.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Hikmət Hacıyev dünyanın üzləşdiyi mina probleminin ətraf mühitə təsiri məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına öz təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin təsirinin aradan qaldırılmasına beynəlxalq dəstəyin artırılmasının zəruriliyini diqqətə çatdırıb. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin 10 285 kvadrat kilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur. Vüqar Süleymanov, kənd təsərrüfatı, əkinçilik üçün münbit torpaqların, eyni zamanda saysız-hesabsız heyvan və bitki növlərinin, çaylar, göllər, bulaqlar, kəhrizlər və su quyularının mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi, habelə minaların mənfi təsirinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər haqda məlumat verib.

BMT Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç, nitqində minatəmizləmə fəaliyyətinin ətraf mühitin bərpası və milli inkişaf proqramları ilə inteqrasiyasının vacibliyini vurğulayıb. Bildirib ki, minaların ətraf mühitə təsirini azaltmaq missiyası təkcə partlayıcı sursat problemini aradan qaldırmaq deyil, eləcə də gələcək nəsillər üçün təhlükəsiz həyat, kənd təsərrüfatı və biomüxtəlifliyin təmin edilməsidir. Başlıca məqsəd zərərçəkmiş torpaqları inkişaf edən ekosistemlərə və davamlı icmalara çevirməkdir.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev konfransda video müraciətlə çıxış edərək, bildirib ki, COP29-un məqsədlərinə uyğun olaraq, biz iqlim davamlılığı məsələlərini minatəmizləmə və yenidənqurma səylərimizə inteqrasiya etməyə çalışırıq. Hədəfimiz işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonası yaratmaqdır. Ekosistemləri bərpa etməklə və dayanıqlı təcrübələri yenidən tətbiq etməklə biz bu torpaqları yaşıl zonaya çevirməyi hədəfləyirik.

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 tədbiri ilə birbaşa əlaqəsi olan konfrans çərçivəsində “Təhlükəsiz və yaşıl gələcək naminə səylərimizi birləşdirək” şüarı altında Zəngilan rayonunun Ağalı kəndi yaxınlığında minalardan təmizlənmiş ərazidə ağacəkmə mərasimi keçirilib.

Konfrans hazırda mina probleminin dayanıqlı həlli yollarının müəyyən edilməsi və hamı üçün daha təhlükəsiz gələcəyi təmin etmək üçün ətraf mühitin mühafizəsinin təbliği ətrafında aparılan müzakirələr və söhbətlərlə davam edir.

Konfrans işini davam etdirir.

.