Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın onun sülh danışıqlarını ləngitməsi ilə bağlı iradına cavab verib.

Ukrayna lideri bu gün Kiyevdə Çexiya Prezidenti Petr Pavel ilə birgə mətbuat konfransında deyib ki, Ukrayna nümayəndə heyəti artıq ABŞ-yə yola düşüb.

"Bəzi məsələlərdə sadəcə ABŞ ilə eyni mövqedə deyilik. Bu, başadüşüləndir; mən dövlətimizin maraqlarını müdafiə edirəm. Və mənim fikrimcə, ultimatumlar demokratik münasibətlər üçün işlək olmayan bir modeldir", - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri ilə bağlı bəzi materiallar tezliklə yekunlaşacaq:

"Əgər hər şey yekunlaşdırılarsa, ABŞ tərəfindən razılıq olarsa, sülhə yaxınıq. Çünki inanıram ki, biz öz tərəfimizdən işimizi bitirmişik. Razılıq olarsa, təhlükəsizliklə bağlı sənədləri Davosda imzalamaq mümkün olacaq".

Ukrayna prezidenti, həmçinin qeyd edib ki, bu gün səhər saatlarında Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün son partiya raket paketi çatdırılıb.

"Bu səhərə qədər bir neçə sistemimizdə raket yox idi. Bu gün bunu açıq şəkildə deyə bilərəm ki, artıq bu gün bizdə bu raketlər var", - deyə V.Zelenski vurğulayıb.

.