Dünən Türkiyənin xüsusi xidmət orqanları Fətullah Gülənin 6 telefon danışığını internetə sızdırıb. Xəbər verildiyi kimi, bu telefon danışıqlarının birində Azərbaycan, daha doğrusu, ölkənin ötən ilin oktyabrında təyin edilmiş yeni müdafiə naziri haqda danışılır.
Bu telefon danışıqlarında Türkiyə Sənayeçilər və İş Adamları Konfederasiyasının (TUSKON) rəhbəri, ölkənin Uqandadakı fəxri konsulu olan Mustafa Güneylə Fətullah Gülən arasında baş tutan telefon danışığında Azərbaycanda Daxili Qoşunların keçmiş komandanı, general Zakir Həsənovun müdafiə naziri təyin edilməsindən söz açılır. Z.Həsənov "camaata yaxın şəxs” kimi xarakterizə edilir və Fətullah Gülənin ona təbrik məktubu göndərməsi haqda danışılır.
Azərbaycan Müdafiə Nazirliyi artıq rəsmi bəyanat yayaraq Zakir Həsənovun "Fətullah Gülən və Mustafa Güney adlı şəxslərlə heç bir əlaqəsinin olmadığını” vurğulayıb, bu səs yazısı "təxribat” adlandırılıb.
Lakin Ərdoğanın Fətullah Gülənə qarşı MİT-in dəstəyi ilə apardığı müharibədə həmin telefon danışığı və Zakir Həsənovun adının hallandırılması yeganə epizod deyil. Bu gün Türkiyənin "haber10” adlı xəbər portalı Fətullah Gülənin Azərbaycanın enerji çevrələrində möhkəmləndiyi, ABŞ və İsrailin dəstəyi ilə Türkiyənin Azərbaycandakı enerji maraqlarına qarşı lobbiçilik etdiyini və bu işə milyonlarla dollar xərclədiyini yazıb.
Üstəlik iddia edilib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da "fətullahçı”dır və o, təriqətin Azərbaycanda möhkəmlənməsinə imkan yaradan əsas şəxslərdən biridir.
Virtualaz.org saytı kiçik araşdırma aparmaqla müəyyən edib ki, "haber10”nun Türkiyə MİT-inə bağlı xəbər portalı olduğuna dair güclü ehtimallar var. Belə ki, Fətullah Gülənin və onun adamlarının dinlənilən telefon danışıqları ilk dəfə bu sayta ötürülür. Saytda Fətullah Gülən və onun "paralel dövləti”nin Ərdoğan hökumətini devirmək yönündəki fəaliyyətləri barədə gen-bol bəhs edilir.
"Türkiyə əleyhinə çalışan dövlət və təşkilatlarla işbirliyinə girməyi özünə prinsip seçən Gülən qrupu iddialara görə, bu dəfə də Azərbaycanda Türkiyənin enerji sahəsindəki təşəbbüsünü boşa çıxarmağa çalışır” - deyə sayt yazır.
Bundan əlavə virtualaz.org-un məlumatına görə, Fətullah Gülən təriqətinin hələ 90-cı illərin əvvəllərindən Azərbaycanda işləməyə başladığı çoxdan məlumdur. Hazırda Azərbaycanda Fətullah Gülən camaatının, yaxud "Xidmət hərəkatı”nın 14 məktəbi, çoxsaylı universitetlərə hazırlıq kursu, bir universiteti, bir telekanalda payı, parlamentdə deputatları və s. var.
Lakin ölkənin Daxili Qoşunlarının keçmiş komandanının və indiki müdafiə nazirinin bu təriqətə bağlılığının iddia edilməsi əsl sensasiya sayıla bilər. Məlumdur ki, Azərbaycan Silahlı Qüvvələri Türkiyə Silahlı Qüvvələri ilə müxtəlif proqramlar üzrə çox sıx əməkdaşlıq edir. Türkiyə generaliteti Azərbaycan ordusunun döyüş hazırlığının artırılmasına müxtəlif formada dəstək verir. O cümlədən Türkiyənin Jandarma Qüvvələri Azərbaycanın Daxili Qoşunlarına təlim keçib, texniki dəstək və s. göstərir.
Bu əməkdaşlıq çərçivəsində Daxili Qoşunların keçmiş komandanı Zakir Həsənovun Türkiyənin Jandarma Qüvvələrinin komandanlığı ilə intensiv təmasları olub. Ancaq Türkiyədə Jandarma Qüvvələrinin Fətullah Gülənə bağlı olduğu hər halda inandırıcı deyil.
.
