Yarandığı vaxtdan etibarən xalqın, ölkənin milli maraqlarını hər şeydən uca tutan və yalnız bu amallar uğrunda siyasi mübarizəyə qoşulan Yeni Azərbaycan Partiyası şanlı tariximizin parlaq səhifələrindən biri olub qüdrətli Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır. 
YAP-ın müxalifət partiyası kimi yaranması və qısa müddət ərzində iqtidara gəlməsinin əsasında bir sıra mühüm məqamlar dayanmaqdadır. Həmin dövrdə baş verən ictimai-siyasi proseslərinin təhlilini apararsaq, ilk öncə belə bir nəticəyə gələ bilərik ki, YAP Ulu Öndər Heydər Əliyevin siyasi-ideoloji konsepsiyası əsasında - xalqın tələb və sifarişləri kontekstində yaranmış partiyadır və ötən 30 ildə həmin ideoloji kursun inkişaf və təkmilləşdirilməsi prosesinin xalq tərəfindən dəstək alması da bu reallığı özündə kifayət qədər ehtiva etməkdədir. 
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Məhz Ulu Öndərin qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas oldu, ölkədə sabitlik bərpa olundu və Azərbaycanda bütün sahələrdə inkişafa doğru addımlar atıldı. Həmin dövrdən etibarən Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi. Ölkədə mövcud olan bu şərait Azərbaycanın hər yerində ulu öndər Heydər Əliyevi sevənlərin təşkilatlanmasına şərait yaratdı. 1992-ci ilin ağır günlərində, xüsusən də həmin ilin payızına doğru hadisələrin gərginləşdiyi bir məqamda Heydər Əliyevə edilən çoxsaylı müraciətlərdən sonra Azərbaycanda yeni bir siyasi təşkilatın yaradılması işinə başlandı. Qısa müddətdə görülən işlər  öz nəticəsini verdi və 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi. Ölkənin o zamankı rəhbərliyi tərəfindən Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyduğu iddia edilsə də, bu konfrans Bakıda yox, məhz Naxçıvanda keçirildi, çünki onun Bakıda keçirilməsinin mümkün olmaması üçün o zamankı AXC-Müsavat cütlüyü bütün “addımları” atmışdı. Bütün bunlara baxmayaraq,  ölkənin hər yerindən nümayəndələrin iştirakı ilə baş tutan konfransda çox ciddi qərarlar qəbul olundu, partiyanın Nizamnaməsi, Proqramı, rəhbər strukturu, seçkili orqanları formalaşdı, qarşıda dayanan vəzifələri müəyyənləşdirildi və Heydər Əliyev partiyanın Sədri seçildi. Azərbaycan xalqına edilən müraciət nəticəsində bu təşkilatın yerlərdə rayon-şəhər özəkləri yaranmağa başladı. Ölkədə ictimai-siyasi proseslərə müdaxilə etmək istiqamətində ciddi addımlar atıldı və qısa müddətdə YAP Azərbaycandakı ictimai-siyasi təşkilatlar içərisində aparıcı bir gücə çevrildi. Ölkənin xaosa sürükləndiyi, iqtisadi tənəzzülə uğradığı, separatçılıq meyillərinin güclənməkdə olduğu bir vaxtda bu işi təşkil etmək o qədər də asan deyildi. Lakin Heydər Əliyev şəxsiyyəti və Heydər Əliyev siyasəti bunun öhdəsindən gələ bilərdi ki, müxalifət partiyası kimi təsis olunan YAP yarandığı vaxtdan bir neçə ay keçdikdən sonra hakim partiyaya çevrildi. Beləliklə, xalqın təkidli çağırışı və həmin dövrdə ölkəni idarə edə bilməyən rəhbərliyin müraciəti ilə Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdı. Azərbaycan xalqının ürəyində bir ümid, xaosa, anarxiyaya, qeyri-sabitliyə, Azərbaycanın məhvə sürüklənməsinə son qoyulacağına böyük inam yarandı və Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu, dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. 
Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 
Naxçıvanda keçirilən təsis konfransından sonra Azərbaycanın digər rayonlarında da YAP-ın rayon təşkilatları yaradıldı. Yerli təşkilatlar ictimaiyyət arasında fəal ideoloji iş apararaq  ölkəmizin gələcəyi naminə qüvvələr birliyi yaratmağa çağırışlar etdi və bu istəklərinə yüksək səviyyədə nail oldular. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarının  parlaq daşıyıcısı missiyasını şərəflə yerinə yetirir. Partiyanın hər bir üzvü bu ideyaların təbliğatçısıdır.
Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. YAP-ın həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub. Eyni zamanda, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb. 
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident Cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyası bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir”.
2003-cü ildən etibarən Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. 2003-cü ildə prezident seçkiləri kampaniyası dövründə ulu öndərimiz Azərbaycan xalqına müraciət etdi və xalqı cənab İlham Əliyevi dəstəkləməyə səslədi. Xalq bu müraciətə müsbət cavab verdi və cənab İlham Əliyevi özünün Lideri seçdi. Prezident İlham Əliyev Heydər Əliyev yoluna sadiqliyini göstərərək Azərbaycanı uğurla inkişaf etdirir. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil.  Həmin illərdə insanlar ən kiçik sosial ehtiyaclarını ödəyə bilmirdilər. Bölgələrdə işıq, qaz, yol yox idi. Ona görə də, əhali böyük şəhərlərə üz tuturdu. Amma hazırda vəziyyət müqayisəolunmaz səviyyəyə gəlib çatıb. Bu gün hər bir sahədə uğurlar qazanılıb. Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri yaradılır, yollar, körpülər, məktəblər, tibb ocaqları tiklib istifadəyə verilir. Bütün bunlar isə Heydər Əliyev siyasətinin bəhrələridir. Biz tam əminliklə deyə bilərik ki, çox güclü dövlətik, gələcəyimiz də çox uğurlu görünür. Bir çox beynəlxalq təşkilatların böyük tədbirləri Azərbaycanda keçirilir, çünki ölkəmizə etibar edirlər. Həmçinin, xaricdən gələn qonaqlar ölkəmizdəki mühitə, inkişafa heyran qalırlar. Ona görə də, biz öz dövlətimizlə fəxr edirik və fəxr etməyimiz üçün ciddi əsaslarımız var. 
Yeni Azərbaycan Partiyasının VII Qurultayında da verilmiş qərarlar partiyamız qarşısında mühüm vəzifələr qoydu. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Yeni Azərbaycan Partiyası ölkəmizdə və regionda yaranmış yeni reallıqlara uyğun olaraq keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlməkdədir. Xüsusilə də, yeni siyasi konfiqurasiya Yeni Azərbaycan Partiyasının daha da güclənməsini, baş verən bütün ictimai-siyasi proseslərin önündə olmağı tələb edir. Bütün bu yeni çağırışlar Yeni Azərbaycan Partiyasının hər bir üzvünün də üzərinə Heydər Əliyev ideyalarının təbliği, Prezident İlham Əliyevin siyasi kursunun təşviqi istiqamətində böyük fəallıq və işgüzarlıq tələbi qoyur. Partiyamızın yeni Nizamnaməsi imkan verir ki, həm Yeni Azərbaycan Partiyası daha da güclənsin, həm də hər bir üzv daha da fəallaşsın. Siyasi Şuranın ləğvi və yeni İdarə Heyətinin formalaşması YAP tərəfindən verilən qərarların daha operativ formada həyata keçirilməsi deməkdir. Partiyanın yaşlı üzvlərinin təmsil olunduğu Veteranlar Şurası təsis edildi. Bu, gələcək nəsillərə YAP-ın yarandığı dövrdən bu yana keçdiyi yolun aşılanması nöqteyi-nəzərdən vacib addımdır. Digər məqam isə Mərkəzi Aparatda edilən dəyişikliklərdir. Artıq icra katibliyi ləğv edilib və Mərkəzi Aparatın da rəhbəri təyin edilib. Aparılan struktur islahatları, yeni tərkibin formalaşması, partiyanın tərkibində Veteranlar Şurasının yaradılması və sair kimi gələcəyə hesablanmış addımlar həm ölkəmizin, həm də milyonların partiyası kimi tanınan, daim tutduğu yola sadiqliyini əməli ilə təsdiqləyən, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcını qoyur. Gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunması qarşımızda dayanan əsas vəzifələrdəndir. Cənab İlham Əliyev daim şanlı Qələbəmizdə bu amilin rolunu xüsusi qeyd edir. Gənclərdə torpaq, Vətən sevgisi onları yumruq kimi birləşdirdi, 30 ilin işğalına son qoymağa, üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmağa səslədi və qəhrəmancasına buna nail oldular. Bu günün prioritet məsələlərindən biri şəhid ailələrinə, qazilərimizə diqqət və qayğının göstərilməsidir. Dövlətimiz onları qayğı ilə əhatə edir. Cənab İlham Əliyev qurultayda bildirdi ki, YAP üzvləri bu kateqoriyadan olan insanlara daim diqqət, qayğı göstərməlidirlər.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı

.