"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

"Report"un əldə etdiyi məlumata görə, onlar Azərbaycan vətəndaşlarıdır.

Həmin şəxslər istintaqa cəlb olunub və izahatları alınıb, daha sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini bildirmişdi.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Polis bu səbəbdən "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində əməliyyat keçirib, direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov saxlanılıb.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib və Xətai rayon Məhkəməsində barələrində həbs qətimkan tədbiri seçilib.

Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan icraçı direktoru və şef redaktoru ilə görüşüb

Rusiyanın Azərbaycandakı konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan rəhbəri İqor Kartavıx və şef-redaktoru Yevqeni Belousovla görüşüb.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, onlar yeməklə və dərmanla təmin olunurlar və özlərini yaxşı hiss edirlər.


 

.