Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Elə buna görədir ki, paytaxtda kirayə mənzil axtaranların sayı da artıb. Bu isə qiymətlərə təsirsiz ötüşməyib. Hər ilin sentyabr ayında olduğu kimi, bu il də kirayə ev bazarında bahalaşma müşahidə edilir.
 
Ev alqı-satqısı və kirayəsi ilə məşğul olan Azər Əlimərdanlı deyir ki, universitetlərə yaxın ərazilərdə qiymətlər daha çox bahalaşıb. Onun sözlərinə görə, yay aylarında 3-4 müraciət olurdusa, indi bu rəqəm artıb. Əvvəllər 200-250 manata təklif edilən evlər  hazırda 300-350 manata verilir. "Nərimanov", "Gənclik", "Elmlər Akademiyası" ətrafında 2 otaqlı orta təmirli evlərin qiyməti 350-400 manatdan başlayır: "Hazırda 7-ci mikrorayonda 2 otaqlı evlər 300-350 manat civarındadır. Bir otaqlılar 250-300 manatdır. "Nərimanov" ərazisində iki otaqlı evlər 350-400 manat, bir otaqlı evlər 300-350 manatdır. "Nərimanov", "Elmlər", "Gənclik" universitetlərə yaxın ərazilər olduğu üçün qiymət artımı müşahidə edilir. Bu gün "Elmlər Akademiyası"nda bir ay bundan qabaq 300 manata təklif edilən evlər bu gün artıq 350-400 manata verilir".
 
Qiymətlər evin təmirinə və əşyalarına görə də dəyişir. Məsələn, həmin ərazilərdə yaxşı təmirli, hər bir şəraiti olan evlərin qiyməti 450-600 manat arasında dəyişir.  Mikrorayonlarda isə iki otaqlı hər bir şəraiti olan evlər 300 manatdan başlayır.
 
Müsahibimiz hazırda ev tapmağın mümkünsüz olduğunu, evlərin sayının azaldığını deyir: "Yayda ucuz qiymətə evlər çox idi. Evlər qalmışdı, verə bilmirdik, amma indi də ev tapa bilmirik. Əlimdə artıq evlər yoxdur. Evlərin sayı tamamilə azalıb. 200 manata evi verə bilmirdik, əlimizdə qalmışdı, bu gün 250-300 manata həmin evi tapa bilmirik. Bu dəqiqə ev çatışmazlığı var. Gələnlər də hələ ki, müvəqqəti ev olmadığı üçün qohum-əqrəbanın evinə, yataqxanalara üz tutur".
 
Maraqlıdır ki, ev axtaran oğlanlar daha çox problemlə üzləşir. Ev sahiblərinin əksəriyyəti tələbə oğlanlara ev verməkdən imtina edir. Səbəb kimi isə onların evi səliqəli saxlamadığı göstərilir.
 
Azər Əlimərdanlı deyir ki, tələbələr daha çox otaqların sayı çox olan evlərə üstünlük verir. Bir otaqlı evlərə isə az müraciət olunur. Həyət evləri bina evlərinə nisbətən daha ucuzdur, amma tələbələrin əksəriyyəti həyət evində qalmaq istəmir. Həyət evlərinin qiymətləri də əraziyə  uyğun olaraq dəyişir. Mikrorayonda 300-350 manatdan başlayan qiymətlər Binəqədi və Xırdalan ərazisində 200-250 manat arasında dəyişir. Mərkəzə yaxın ərazilərdə isə həyət evlərinin qiyməti bina evlərinin qiymətlərindən çox az fərqlə seçilir. Bu ərazilərdə həyət evlərinin qiyməti 350-400 manatdır.
 
Tələbə yataqxanalarındakı vəziyyətlə də maraqlandıq. Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günay Qasımova deyir ki, universitetin 2 yataqxana binası var. Onlardan birində məcburi köçkünlər yerləşib, 4 blokdan ibarət olan digər yataqxananın iki bloku məcburi köçkünlərin, digər iki bloku isə qız tələbələrin ixtiyarına verilib: "Ümumiyyətlə, universitetimizin yataqxanasında 200 nəfərə yaxın tələbə yerləşdirmək mümkündür. Universitet yataqxanalarına tələbat müşahidə olunur. Bu, ilk növbədə universitet yataqxanalarının təhlükəsizlik baxımından əlverişli olması, digər tərəfdən isə təklif olunan məbləğin tələbənin maddi durumuna uyğun olması ilə əlaqədardır. Hazırda tələbələr ərizə ilə müraciət edirlər. İndiyə kimi 60-a yaxın tələbə ərizə ilə müraciət edib. Müraciətlər hələ də davam edir. Tələbələrimiz sentyabrın 15-nə kimi isə yataqxana ilə təmin olunacaqlar".
 
Yataqxana üçün müraciət edənlər arasında üstünlük orderi ilk əldə edənlərə, məcburi köçkünlərə, valideynlərindən birini itirmiş tələbələrə verilir. Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən yataqxana universitet tərəfindən təmir edilib, hər cür avadanlıqlarla təmin olunub. Otaqlar 2 və 3 nəfərlikdir. Bir tələbənin yataqxana üçün illik ödəniş haqqı 10 manatdır. Tələbə 10 manat ödəməklə bir il yataqxanadan yararlana bilər.
 
Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov isə deyir ki, universitetin 6 yataqxanası var. Bir yataqxanada məcburi köçkünlər, 2 və 3 saylı yataqxanalarda qızlar, 1 və 6 saylı yataqxanalarda oğlanlar, 5 saylı yataqxanada isə xarici tələbələr qalır. Ümumilikdə bu yataqxanaların tutumu 1253 nəfərdir: "Bu il 2 saylı qızlar yataqxanası təmirə dayanıb. Çünki həmin yataqxanada tələbələrin yaşayışı üçün demək olar ki, şərait yox idi. Həmin yataqxanada yaşayan qız tələbələrimizi köçürdük 3 saylı qızlar yataqxanasına, amma bu il biz yeni qəbul olunmuş birinci kursa qəbul olmuş qızları yataqxana ilə təmir edə bilmirik. Buna baxmayaraq, oğlan yataqxanasında oğlan tələbələrimiz üçün heç bir problem yoxdur. Bu günə qədər bizim birinci kursa daxil olmuş tələbələrimizdən təqribən 73 ərizədən 53-nü artıq yerlə təmin etmişik. Bundan başqa, bizim ölkəmizə gələn xarici ölkələrdən 36 nəfəri yerləşdirmişik. Bütövlükdə 90 nəfərə yaxın birinci kurs tələbələrini yataqxana ilə təmin etmişik. Bu il birinci kursa daxil olmuş oğlan tələbələrimizin problemi olmayacaq, onları demək olar ki, 100 faiz yerləşdirəcəyik".
 
Tibb Universitetinə müraciət edənlər arasında da ilk üstünlüyü şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan tələbələrə, hər hansı bir valideynini itirmiş, ailəsində birinci və ikinci qrup əlil olan, yüksək bal toplayan tələbələrə verilir. Bu il Tibb Universitetinə 700 balla qəbul olan tələbə də artıq yataqxana ilə təmin olunub. Bir tələbənin yataqxana üçün 1 aylıq ödəyəcəyi məbləğ isə 25 manatdır: "2013-cü ildən təhsil ocaqlarının adam başına maliyyələşməyə keçməsi ilə əlaqədar Tibb Universitetinin Böyük Elmi Şurasının qərarı ilə yataqxanada qalan tələbələr yataqxana haqqı ödəyirlər. Bilirsiniz ki, Tibb Universitetinin yataqxanalarını bugünkü vəziyyətdə saxlamaq, onlarda təmir işləri aparmaq, onların kommunal xərcləri universitet üçün böyük bir problemdir. Dövlət hesabına oxuyan tələbə ayda 25 manat, ödənişli təhsil alan tələbələr ayda haradasa 38 manat civarında, xarici tələbələr isə bir ayına 50 manat ödəməklə yataqxanada yaşayırlar".
 
Cahangir Qasımov deyir ki, bəzi tələbələr yataqxanada təmizliyə riayət etmədikləri üçün bu ildən onlar üçün yataqxana müqaviləsi də hazırlanıb: "Müqavilədə göstərilir ki, biz universitet olaraq öhdəmizə götürürük ki, otaqda təmir işləri aparaq, onun su, kanalizasiya, digər problemlərini həll edək. Amma tələbə də öhdəlik götürməlidir. Tələbə var ki, çox natəmiz saxlayır, oxumağı yox, yataqxanaya gec gəlir".
 
Beləliklə, Tibb Universitetində dövlət hesabına oxuyan tələbələr yataqxana üçün illik 300, ödənişli əsaslarla oxuyanlar 450, xarici tələbələr isə 600 manat ödəməli olur. Bu isə kirayə evlərdə qalan tələbələrin ödədiyi məbləğdən dəfələrlə azdır.
 
Bakı Dövlət Universitetinin İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı isə bildirdi ki, universitetin 80 faiz yataqxanası qəzalı vəziyyətdə olduğu üçün sökülüb. Cəmi bir korpus qalıb ki, həmin binada da məcburi köçkünlər qalır. Həmin yataqxanada cəmi 100-130 tələbəni yerləşdirmək olur.
 
Müsahibimiz deyir ki, universitetin yeni yataqxana binasının tikintisini həyata keçirməyə maddi imkanı yoxdur. Yataqxana binalarının yenidən tikilməsi üçün layihə hazırlanıb, müvafiq instansiyalara və şəhər icra hakimiyyətinə bu barədə müraciət edilib. Ancaq hələlik bu məsələ öz həllini tapmayıb.
 
Prorektor qeyd edib ki, bu il yataqxana üçün müraciət edənlərin sayı çox azdır. Bir-iki nəfər müraciət edib ki, onları da qonşu universitetlərdən xahiş edərək onların yataqxanalarına yerləşdiriblər. Bakı Dövlət Universitetinin yataqxanasında qalan  tələbələr isə heç bir məbləğ ödəmir.
 
Belə nəticəyə gəlmək olar ki, tələbə üçün ən yaxşı vasitə yataqxanadır. Yataqxana tələbələr üçün həm maddi, həm də vaxt baxımından qənaətbəxşdir. Odur ki, arzu edirik ki, tezlikdə bütün universitetlərin yataqxana problemi öz həllini tapsın. Tələbələr də  kirayə ev axtarma əzabından birdəfəlik xilas olsun. Axı təhsil millətin gələcəyidir. Yaxşı olardı ki, tələbələr əlavə işlərlə deyil, məhz təhsillə məşğul olsunlar.
.