Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abenin vəfat etməsi xəbəri təsdiqini tapmayıb.

TASS verdiyi xəbərə görə, ölkənin hazırkı hökumət başçısı Fumio Kişida bildirib ki, S.Abenin durumu ağırdır.

F.Kişida hadisəni qətiyyətlə pisləyib: “Seçki kampaniyası zamanı belə hərəkətin edilməsi vəhşilikdir. Bu, tamamilə qəbuledilməzdir. Sui-qəsd cəhdi ən sərt şəkildə pislənməlidir”.

Hökumət başçısı həmçinin bildirib ki, sui-qəsd cəhdi ilə əlaqədər olaraq iyulun 10-da keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin taleyi barədə heç bir qərar qəbul edilməyib.

Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) Ş.Abeyə sui-qəsd cəhdinə görə bütün namizədlərdən seçkiqabağı təşviqat kampaniyasını dayandırmağı xahiş edib. Namizədlərə xüsusilə küçə nümayişlərindən çəkinmələri barədə xəbərdarlıq olub. 

Ölkənin “Nihon” telekanalının xəbərinə görə, keçmiş hökumət başçısına atəş açan şəxs 41 yaşlı Tetsuya Yamaqamidir. O, əvvəllər Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrində xidmət edib. 

Məlumata görə, T.Yamaqami S.Abeyə sui-qəsd etdikdən dərhal sonra saxlanılıb. Hazırda polis onu dindirir. 

***
Yaponiyanın Nara şəhərində ölkənin sabiq Baş naziri Sindzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib.

Bu barədə NHK agentliyi məlumat yayıb.

Bildirilib ki, Sindzo Abe xəsarət alıb. Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib.

Vurğulanıb ki, S.Abe huşsuz vəziyyətdə xəstəxanaya qaldırılıb.

Xəbərə görə, 68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.

Qeyd edək ki, Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə Baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub. 

.