
“Aztelekom” MMC tərəfindən Xocalı rayonunda məskunlaşma olan bütün yaşayış yerləri və biznes subyektləri, internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub.
Xocalıda 211 ev təsərrüfatı və 4 biznes subyekti, Ballıca kəndində isə 57 ev təsərrüfatı və 1 biznes subyekti müasir telekommunikasiya xidmətlərinə qoşulub.
GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri də təqdim edilib.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Xocalı şöbəsinə (ünvan: Xocalı rayonu, Əsgəran qəsəbəsi), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuş bütün ərazilərə 1000 km-dən çox magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi işlər çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
.