Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının   5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il  “ŞUŞA İLİ” elan edilmişdir. “Şuşa İli” çərçivəsində  daha bir  yazını oxuculara təqdim edirik.
Qədim mədəniyyət beşiyi Şuşa Azərbaycan incəsənəti, mədəniyyəti və ədəbiyyatına ölməz şəxsiyyətlər bəxş etmişdir. Hələ XVIII əsrdə Molla Pənah Vaqifin Qarabağ sarayında  yaşayıb yaratması, özündən sonra böyük bir ədəbi məktəbin əsasını qoyması bu məkanda şeirə, sözə, sənətə verilən dəyərin böyük təzahürüdür.  Təbii ki, burada yetişən hər bir sənət adamının fitri istedadı ilə bərabər, Şuşanın əsrarəngiz təbiətinin, suyunun, havasının insana aşıladığı ruh da böyük rol oynayır. Bu torpaqda Cəfərqulu xan Nəva, Qasım bəy Zakir, Xan qızı Xurşidbanu Natəvan, Baba bəy Şakir, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov,  Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir bəy  Hacibəyli, Əhməd bəy Ağaoğlu kimi sənətkarlar dünyaya göz açmış,  Şuşada təhsil almış, ədəbiyyat tariximizə öz adları ilə bərabər, “Şuşa” adını da yazmışlar. 
Azərbaycan mədəniyyəti və incəsənəti xəzinəsinə Qarabağın bəxş etdiyi tanınmış simalar içərisində qadın sənətkarların xüsusi yeri var. XX yüzilin əvvəllərində Azərbaycan ədəbiyyatşünası Firudin bəy Köçərli Qarabağ ədəbi mühiti, burada yetişən qadın şairələr haqqında yazırdı: “...Fünuni-şeirə o qədər meylü rəğbətləri olub ki, çox vaxt irsal-mərsullarını da nəzm ilə yazıblar və Qarabağın ünas əhli dəxi şeir deməklə öz qüvvələrini sınayıb imtahan ediblər və bu yolda çox şairələr zühur edibdir. Onlardan məşhur olanları Aşıq Pəri Maralyani idi. Sabiqdə onun barəsində mümkün olan  qədəri məlumat verildi. Aşıq Pəridən sonra cənab Xurşidbanu bəyim “Natəvan” təxəllüs və Fatimə xanım “Kəminə” təxəllüs olublar”.
Şuşa ədəbi mühitinin yetişdirdiyi ilk qadın şairə İbrahimxan Cavanşirin qızı, “Tuti” təxəllüslü Ağabəyim ağa (Ağabacı)  olmuşdur. Onun bədii irsindən bizə cüzi hissə gəlib çatmışdır. Ağabəyim ağa haqqında  ədəbiyyatşünas P.Kovalevski, M.Müctəhidzadə, Xan Qaradaği və İran mənbələrində məlumata rast gəlinir. İran şahı Fətəli şahın baş hərəmi olan Ağabəyim ağa qürbət həyatı yaşamış, vətən, Qarabağ həsrəti ilə ömrünü başa vurmuşdur. Y.V.Çəmənzəminlinin “Qan içində” romanında bədii obrazı yaradılan Ağabəyim ağanın dilindən əsərdə verilən

Ah, bilməm, ömrüm necə gəldi, necə getdi,
Əfsus ki, yarım gecə gəldi, gecə getdi 

beyti şairənin nakam sevgisindən xəbər verir. 

Vüsalına çatanların başqa zövqü, səfası var, 
Çünki gözəl yar kuyinin saf suyu, xoş havası var 

deyən şairə vətən torpağının hər qarışı, suyu, havası ilə öyünmüş, bunu qürbət yerdə belə gizlətməmişdir.  Gözəl olduğu qədər də ağıllı olan gənc  Ağabəyim ağa xeyirxahlığı, nəcibliyi ilə İran şahının o qədər rəğbətini qazanır ki, şah onun  sözü ilə hətta ölümə məhkum olunanları da bağışlarmış. Rəvayətə görə, Qarabağ həsrətindən üzü gülməyən Ağabəyim ağanın könlünü açmaq üçün Fətəli şah bir bağ saldırıb orda Qarabağda bitən bütün ağaclardan, gül-çiçəkdən əkdirir, bircə xarı bülbüldən başqa. Bağı gəzib dolaşan Ağabəym ağa bunu görür və məşhur “Mən aşiqəm Qarabağ,  Qara salxım, qara bağ. Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ” bayatısını deyir. Şairə Qarabağ həsrətilə qürbətdə dünyasını dəyişir və Qum şəhərində dəfn olunur.
XIX əsrin əvvəllərində Qarabağın Maralyan kəndində dünyaya gələn Aşıq Pəri Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən sayılır. Gənc yaşlarında  dünyadan köçsə də, Aşıq Pəri müasirləri arasında  hazırçavablılığı, rəvan  təbi ilə seçilmişdir. Sinədəftər şeirlər söylədiyindən şöhrəti tez bir zamanda yayılan Aşıq Pərinin müasirləri “Mirzəcan bəy Mədətov, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq və başqaları ilə deyişmələri ədəbiyyat aləminə məlumdur”.
Aşıq Pəri  əsasən qoşma, gəraylı janrlarında yazmışdır. Onun şeirlərində XVIII əsr şairi Vaqifin bədii irsinin təbi, oynaq ruhu duyulur. F.Köçərliyə görə, Aşıq Pəri bir sıra şeirlərini M.P.Vaqifə nəzirə olaraq yazmışdır. 
Gəraylılarından birində Aşıq Pəri dövrün gərdişindən, etibarsızlığından şikayətlənir. Nahaqqa dözməyən aşığın dərdi tüğyan edir, yalnız doğulduğu   Maralyanda özünə rahatlıq, sakitlik tapır.  İnsanların  bir-birinə acımasız qıyması onun  qəlbini viran edir. 
Maralyandan köçüb Şuşaya gəldikdə dövlət adamları və şairlər arasında  Aşıq Pəri tezliklə tanınır, şəninə şeir qoşanlar çoxalır.  Əsəd bəy Vəzirov, Mirzə Həsən, Məhəmməd bəy onun gözəlliyinə, ağıl-kamalına şeirlər qoşmuşlar. “Aşiq” təxəllüslü Məhəmməd bəy Cavanşir Aşıq Pəriyə qoşma, müxəmməs janrında şeirlər yazmışdır. 
Azərbaycan ədəbiyyatında “qəmli ana” obrazının təcəssümü, “xan qızı” kimi çağırılan Xurşidbanu Natəvan incə ruhlu lirik şeirlər müəllifi, əsrarəngiz tikmələr, rəsm əsərləri ustası kimi Qarabağdan kənarda  hələ öz dövründə tanınmışdır. Qarabağın son hakimi  Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya göz açan Xurşidbanu sarayda tanınmış sənət və elm adamlarından  təhsil almışdır. “Xurşidbanu elmü mərifət sahibəsi  olmağa [görə] əksəri-övqati ürəfa, şüəra və üdəba dairəsində keçirərdi. Şeir və qəzəli sevib, özü dəxi gözəl və zərif təb' sahibəsi idi” (F.Köçərli). Xan qızı Natəvan ədəbiyyata sinəsi qubarlı, dağlanmış ana, zəmanənin  gərdişindən şikayətlənən qəmxar, yaşadığı torpağın, vətənin gözəlliklərindən vəcdə gələn bir aşiq kimi gəlmişdir. 
Erkən yaşlarında atasını itirən Natəvan saray həyatının, ailənin qayğısını gənc yaşlarından çiyinlərində daşımışdır. Əri Xasay xan Usmiyevin  işi ilə bağlı bir müddət Tiflisdə yaşaması ona Qafqaz xalqlarının mədəniyyəti ilə tanış olmaq imkanı yaradır. O, rus, gürcü dillərində danışır, dövlət qulluqçuları, alim və səyyahlarla görüşürdü. Məşhur fransız yazıçısı A.Düma ilə də Natəvan Bakıda görüşmüş, bir-birlərinə hədiyyələr vermişlər. 
İlk izdivacı uğursuz olan Natəvan adını, ailə şərəfini təqiblərdən, böhtanlardan qorumaq üçün ikinci dəfə Seyid Hüseynlə  ailə həyatı qurur. Bəzi mənbələrdə Seyid Hüseynin rəiyyət içindən çıxdığı  qeyd olunsa da, F.Köçərliyə görə, “Xurşid bəyimin ailə qurduğu  Ağaseyid Hüseyn Qarabağın nəcib seyidlərindən olub və onların neçə oğlan və  qız övladları olub”. 
İlk qələm təcrübələrini “Xurşid” təxəllüsü ilə yazan  şairə sonradan həyatın ona  yaşatdıqları müqabilində  “Natəvan” (təvansız, zəif)  təxəllüsünü götürmüş, qəzəllərini bu imza ilə yazmışdır. Şeirlərində kədərlə sevincin arasında çırpınan, haqsızlıqla, ədalətsizliklə barışmayan bir qadının narahatlığı, könül çırpıntıları duyulur.  Füzuli qəmindən pay götürən Xurşidbanu başına gələnləri heç cür qəbul edə bilmir: 

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə də bu aləm əra   dil müqəyyədi-qəm olaydı! 

Xan qızının rəiyyətlə sarayda yaşaması, onu ailə üzvü etməsi saray adamlarını, yerli bəyləri narazı salır. Onların fitvası ilə şairənin böyük oğlu evdən didərgin düşür, bunun ardınca kiçik oğlunun qəfil xəstəlikdən ölməsi sinəsinə dağ çəkir. Natəvanın “Sənsiz”, “Neçin gəlməz”, Məni”, “Ölürəm”  və s. rədifli qəzəlləri oğul itkisindən dünyası tarimar olmuş sinəsi dağlı ananın dilindən deyilən ağılar kimi mərsiyə ədəbiyyatının  ən kədərli nümunələridir.  Natəvan  başına gələn bütün müsibətlərdə zəmanəni günahkar bilir. Eşq odunda yanan, lakin onun vəslində şad olmayan, əhdi-peymanından dönməyən şairə quruca canını da qurban verməyə hazırdır.
Şairə ana iztirablarını, nisgilini sətirlərə köçürür, qəzəllərində oğlunun xatirəsini, vaxtsız ölümünü “Nə yaxşı munis idi, heyif, nagahan getdi,  Məni bu möhnət əra qoydu əlaman getdi” deyə ürək dağladan sözlərlə, göz yaşları ilə anır. Müasirlərinə yazdığı mənzum məktublarda o, həyatın ağrı-acısından, ailəsinin müsibətindən, özbaşınalıqdan, taleyindən  acı-acı şikayətlənmişdir.
Dünyanın vəfasızlığı, etibarsızlıq şairənin təbiət mövzusunda, gül-çiçəyə ünvanladığı şeirlərdə də özünü göstərir. “İnsan taleyinə həssaslıqla yanaşan şair ictimai ədalətsizliyə, mənəvi buxovlara qarşı çıxaraq oxucusuna  zülmkarlıqdan, xudpəsəndlikdən uzaq olub eşqi, məhəbbəti ucuz tutmamağı, şərəf və ləyaqətlə yaşamağı tövsiyə edir. Arzuladıqlarını həyatda görməyən şair lirik qəhrəmanın dili ilə dünyaya gəldiyinə, sevib-sevildiyinə təəssüf edir”. 
Hələ sağlığında dövrünün tərəqqipərvər qüvvələri M.F.Axundovun, Q.Zakirin, S.Ə.Şirvaninin diqqətini cəlb edən  Natəvan xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, sarayın gəlirindən məktəb tikilməsi, yol çəkilməsi, körpü salınmasına, dağları yarıb Şuşaya içməli su çəkilməsinə  vəsait ayırmış, uzaqda təhsil alan  azərbaycanlı tələbələrə, sənətkarlara yardım etmişdir. İlxısında yetişdirdiyi cins Qarabağ atları dünyada şöhrət qazanmış, əl işləri, rəsm əsərləri sərgilərdə nümayiş etdirilmişdir. 
Ədəbiyyat tarixində Xurşidbanu Natəvanın bir xidməti də 1872-ci ildə maddi dəstəyi ilə əsasını qoyduğu “Məclisi-üns” ədəbi məclisini yaratması və ona  rəhbərlik etməsi olmuşdur. “20 ilə yaxın rəhbərik etdiyi “Məclisi-üns”də Azərbaycan, fars dilləri ilə yanaşı, cığatay diində də qiymətli mənzumələr yaranmışdır. Məclisdə klassiklərdən tərcümələr edilmiş, Xaqani, Nizami, Füzuli kimi qüdrətli qələm sahiblərinin əsərlərinə nəzirələr yazılmışdır”. Xan qızının evində toplaşan  məclisin əsas fəaliyyəti Azərbaycan ədəbiyyatının öyrənilməsinə yönəlmişdi. Lakin ömrünün son illərində səhhəti pozulduğundan  malı-mülkü əlindən çıxan şairənin məclisi də başsız qalmışdır.  Cavad Heyət yazırdı: “...Onun ölümündən sonra Qarabağ şüərası başsız və avara qaldığı kimi, Qarabağın maarifi də bir müddət onunla sönüb getmişdir.
XIX əsrdə Şuşanın yetişdirdiyiq daha bir qadın şairə Fatma xanım Kəminə olmuşdur.  XIX əsr təzkirəçiləri və XX əsr ədəbiyyat tədqiqatçları onun adını hörmətlə çəkirlər. Aşıq Pəri və Xurşidbanu Natəvandan sonra Fatma xanım Kəminə Qarabağın üçüncü böyük şairəsi sayılır. “Fani” təxəllüsü ilə şeirlər yazan ziyalı Ağa Mirzə Bəybabanın  ailəsində dünyaya gələn Fatma xanım dövrünə görə yaxşı təhsil almış, fars dilini mükəmməl öyrənmişdir. Ömrünün sonuna qədər Şuşada yaşayan Fatma xanım Kəminənin mənbələrdə böyük  “Divan”ı olduğu qeyd edilir. Mir Möhsün Nəvvab təzkrəsində onun 400-ə yaxın şeiri olduğunu yazır. 
Qəzəllərində saf məhəbbətin tərənnümü, onun saflığı, təmizliyi  əsas yer tutan şairə hicrandan, vüsaldan yazanda da  oxucuya bir ümid, bir ilham verirdi. Müasiri Natəvan kimi, onun da şeirlərində zəmanədən şikayət, etibarsızlıq, kədər motivləri üstünlük təşkil edir. 

Bivəfadə nə məhəbbət, nə dəyanət, nə vəfa?
Ey Kəminə, tapılır bəlkə də dilculərdə.

“Nadireyi-zəmanə” adlandırdığı  Fatma xanım haqqında F.Köçərli yazırdı: “Fatimə xanım həqiqətən çox gözəl və zərif  bir can idi və zahiri gözəlliyinə müvafiq  batini və mənəvi tərəfdən dəxi əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, mülayimə və xoşrəftar bir nadireyi-zəmanə idi ki, onun vəfatı cümlə şüəravü ürəfayi-Qarabağda böyük bir yas oldu”.    
“Məclisi-üns” ədəbi məclisinə rəhbərlik edərkən Natəvanın  təşəbbüsü ilə  Şuşa ədəbi mühitində  adı çəkilən şairələrdən biri də Qəmər bəyim Şeyda olmuşdur.  Qəmər bəyim Şeyda “Məclisi-üns” ədəbi məclisində hələ 13-14 yaşında ikən Xurşidbanu Natəvan tərəfindən “Şeyda” təxəllüsü verilən  şairədir. Şuşa gimnaziyasında təhsil alan Qəmər bəyimin şair kimi formalaşmasında “Məclisi-üns”ün böyük xidməti olur. Dövrümüzə bir  neçə şeiri gəlib çatan Qəmər bəyim Natəvan üslubunda yazıb yaratmış, şeirlərində hüzn, kədər motivləri üstünlük təşkil etmişdir. O, 1918-ci ildə “Dövrün daşqını” adlı altı pərdəli pyes yazmış, dövrün bəyləri arasında gedən qan düşmənçiliyini, milli qırğını təsvir etmişdir. 
Bu gün mədəniyyət paytaxtı elan olunan 270 yaşlı Şuşanın tarixində 30 illik həsrətə son qoyulmuşdur.  Mədəniyyət beşiyi, seir-sənət incisi Şuşa erməni ekstremistlərindən azad olunub. Bu qələbə təkcə torpağın, ərazinin azad edilməsi, qələbəsi deyil. Bu, Ağabəyim ağanın  Qarabağ qubarının, həsrətinin, Aşıq Pərinin narahatlığının, Natəvanın, Fatma xanım Kəminənin nisgilinin, yanğısının, Qəmər bəyimin kədərinin üzərində müstəqilliyin, özgürlüyün, sevincin qələbəsi, təntənəsidir. 30-31 avqust 2021-ci il tarixində Şuşada Vaqif  Poeziya Günləri keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etdilər və  o torpağın  köksündən,  Şuşanın qadın şairələrinin ruhundan fəxarət və minnətdarlıq dolu bir nida qopdu: “Gözün aydın, əziz Şuşa!” 


Nazilə Abdullazadə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru

.