"Natiq" ritm qrupunun rəhbəri, Azərbaycanın Xalq artisti Natiq Şirinovun mülki iddiası Sumqayıt Şəhər Məhkəməsində araşdırılaraq qərar çıxarılıb.
Musiqiçi Ramal Cahangirovun müəlliflik hüququ Xalq artisti Natiq Şirinova məxsus olan "Qavaldaş nağara" tətbiqi sənət əsərini müxtəlif tədbirlərdə ifa etməsi tərəflər arasında məhkəmə mübahisəsi yaradıb.
Natiq Şirinov məhkəməyə müraciət edərək müəlliflik hüququnun pozulması ilə bağlı mülki iddia qaldırıb. O, Əqli Mülkiyyət Agentliyində rəsmi qeydiyyatdan keçirdiyi layihəsinin R.Cahangirov tərəfindən istifadəsinin qarşısının alınmasını tələb edərək, musiqiçiyə qarşı 55 min manatlıq təzminat iddiasını qaldırıb. Bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Aynur Behbudovanın sədrliyi ilə keçirilən prosesdə yekun qərar qəbul edilərək Xalq artistinin iddiası təmin edilməyib.
Qeyd edək ki, "Qavaldaş nağara" adlı tətbiqi sənət əsəri 2019-cu il 11 dekabr tarixində 12/C-10851-19 nömrəsi ilə Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb. Natiq Şirinov həmin sənət əsəri əsasında yaradılmış alətdən Azərbaycanda ilk dəfə keçirilən "Avroviziya" mahnı müsabiqəsinin açılış mərasimində istifadə edib.
.