Xalq artisti Arif Babayev vəfat edib.

Bu barədə APA-ya oğlu Yaşar Babayev məlumat verib.

O bildirib ki, atası bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, iyulun 23-ü saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. O, daha sonra təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

Xatırladaq ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdamın Sarıcalı kəndində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.

O, muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb, eləcə də onun ifasında bütün muğam dəstgahları səslənmiş və lentə alınaraq Azərbaycan Dövlət Televiziyasının "Qızıl fond"una daxil olub.

1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunan xanəndə 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb və üzun müddət Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib.

"Şöhrət", "Şərəf", "İstiqlal" ordenli Xalq artisti 2 fevral 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, 8 may 2025-ci ildə isə Heydər Əliyev Mükafatı ilə təltif olunub.

Allah rəhmət eləsin!

.