Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesindən əvvəl barışıq əldə olunub.

Bu gün Binəqədi rayon Məhkəməsində keçiriləcək prosesdən əvvəl jurnalistlərə açıqlama verən Xalq artisti “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovla barışdıqlarını deyib. Onun sözlərinə görə, tərəflər arasında notariusda barışıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident ötən il iyulun 23-də Binəqədi rayonu ərazisində insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və N.Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib. A.Ağayevin və N. Cəlilovun ittiham olunduğu cinayət işinə Binəqədi rayon məhkəməsində baxılır.

Bundan başqa, Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

Bu işə də Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.

.