2002-ci ildə kirayə məntəqəsindən baxmaq üçün götürdüyü videokasseti geri qaytarmadığına görə ABŞ-ın Şimali Karolina ştatının sakini Ceyms Meyers həbs olunub.

Virtualaz.org Qərb mətbuatına istinadən xəbər verir ki, Meyers 14 il əvvəl "Freddy Got Fingered” ("Rədd ol, Fredi”) adlı filmi baxmaq üçün götürüb və geri qaytarmayıb.

Kirayə məntəqəsi çoxdan bağlansa da, o zaman polisə edilmiş şikayət ərizəsi hələ qalıbmış. Meyers oğlunu məktəbə apararkən polis tərəfindən həbs edilib.

"Əvvəlcə elə fikirləşdim ki, zabit zarafat edir, amma sonra o mənə dedi ki, həbsim barədə order çıxarılıb. Beləcə, ilk dəfə qoluma qandal taxdılar”, - Ceyms Meyers belə deyib. İndi o, məhkəmədə cavab verməli və 200 dollar məbləğində cərimə ödəməlidir.

Sözügüdən filmdə baş rolu ifa etmiş aktyor Tom Qrin həbs edilmiş Meyersin azadlığa buraxılması üçün cəriməni ödəməyə hazır olduğunu bildirib. "Əgər söhbət cəmi 200 dollardan gedirsə, özüm ödəyəcəyəm. Sadəcə, prinsip xatirinə”, - aktyor belə deyib.
.