Azərbaycanda yeni medallar və ordenlər təsis edilib.

Prezident İlham Əliyev “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərman imzalayıb.

Qanuna əsasən, "Vətən Müharibəsində qələbə münasibətilə” “Zəfər” və “Qarabağ” ordenləri  təsis olunub. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.

“Vətən Müharibəsi Qəhrəmanı” adının hansı qaydada veriləcəyi müəyyənləşib

“Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Prezidentinin öz təşəbbüsü ilə və ya Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti  tərəfindən  irəli sürülmüş vəsatətlərə əsasən veriləcək. 

Bu, Prezidennt İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb. 

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Prezidentinin aktı təqdim ediləcək.

"Zəfər" ordeninin statusu müəyyənləşib

Yeni təsis ediləcək “Zəfər” ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazilərin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyət, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif ediləcək.

“Zəfər” ordeninin statusuna əsasən, orden döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda “Heydər Əliyev” ordenindən sonra taxılır.

“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvarı olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı diametri 42 mm olan lövhədən ibarətdir.
 

.