“Bu gün keçirilən Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VII iclasında konkret təkliflər irəli sürdük. Bu təkliflər üzv dövlətlərin gündəmə gətirdiyi məsələlərdir. Bu təkliflər sırasında ilk olaraq Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin akademik məlumat bazasının yaradılmasıdır. Bu, təklif ali təhsil müəssisələrinin məlumatlarının vahid mərkəzdə toplanmasını ehtiva edir".

Bu fikirləri Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar Şuşada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, üzv dövlətlər universitetlər haqqında dəqiq məlumatları əldə edə biləcəklər:

"İkinci olaraq universitetlərin uyğunlaşdırma və tanınma prosedurları ilə məşğul olacaq ortaq bir qurumun yaradılması təklif edilib. Türk dünyasında universitetlər arasında birgə fəaliyyətlər mövcuddur. Eləcə də tələbə aktivliyi yüksək səviyyədə olsa da, bu sahədə tanınma ilə bağlı ciddi problemlər var. Bu problemləri həll edəcək bir qurumun yaradılması fikrini nazirlərlə birlikdə dəyərləndirdik. Üzv dövlətlərin hər birininin təhsil nümayəndələri bu fikri müsbət qarşıladılar".

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin qəbul edəcəyi keyfiyyət təminatı agentliyinin olması vacibdir:

"Biz də türk dövlətləri olaraq keyfiyyət təminatının ümumi standartlarını müəyyən etməliyik. Bununla bağlı fəaliyyət göstərəcək agentliyin qurulması barədə fikrə bütün nümayəndələr müsbət rəy veriblər. Yekun qərara görə bu təkliflərin həyata keçirilməsi üçün komissiyalar yaradılacaq və komissiyanın son rəyi ölkə rəhbərliklərinə aidiyyəti üzrə təqdim ediləcək".

.