Parisdən Aşqabada uçmalı olan Türkmənistanın dövlət aviaşirkəti "Türkmən Hava Yolları”na məxsus sərnişin təyyarəsinə Fransanın Şarl de Qoll aeroportunda həbs qoyulub. 


Teleqraf.com-un xəbərinə görə, bu barədə Fransanın "Europe 1" saytı məlumat yayıb. 


Məlumatda bildirilir ki, türkmən aviaşirkətinin təyyarələri dəfələrlə qaydaları pozduğuna, o cümlədən gecə vaxtı yolverilən səs həddini aşdığına və marşrutdan kənara çıxdığına görə 186 min avro cərimələnib. Əlavə faizlə bu məbləğ 204 min avroya çatıb. Şirkət cəriməni ödəyə bilməyib.

 

Sərnişinlər bir gün sonra Aşqabada başqa təyyarə ilə yola salınıblar.


Bu ilin sentyabrında yaranmış borc səbəbindən "Türkmən Hava Yolları”na Rusiya ərazisindən uçuş qadağası qoyulmuşdu. Senyabrın 19-da 220 min dollarlıq borc nəhayət, ödənmiş və qadağa aradan qaldırılmışdı.

 

.