Azərbaycanda aqrar sektora ayrılan subsidiyaların həcminin artmasına baxmayaraq, birbaşa dövlət dəstəyinə düşən kənd təsərrüfatı istehsalının dəyəri azalıb. Bununla yanaşı, bitkiçilik subsidiyalarının istifadəsinə dair auditdə milyonlarla manatlıq ödənişlərdə nöqsanlar müəyyən edilib.

Yenizaman.Az Hesablama Palatasına istinadən xəbər verir ki, 2007-2019-cu illərdə kənd təsərrüfatına ayrılan hər manat birbaşa subsidiyaya orta hesabla 38 manatlıq istehsal düşdüyü halda 2020-2025-ci illərdə bu göstərici 26 manata enib.

Beləliklə, iki dövrün orta göstəriciləri arasında 12 manat və ya 31.6 faiz fərq yaranıb.

Eyni zamanda, birbaşa subsidiyaların dövlət büdcəsinin kənd təsərrüfatı üzrə xərclərindəki orta payı 31.5 faizdən 44.3 faizə yüksəlib.

Hesablama Palatasının təhlilinə əsasən, 2025-ci ildə kənd təsərrüfatı istehsalı əvvəlki illə müqayisədə 0.9 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1.5 faiz artıb. Bununla belə, qurum göstərilən dövlət dəstəyi fonunda aqrar sektorun inkişaf tempinin gözlənilən səviyyədə olmadığı qənaətinə gəlib.

Hesablama Palatasının yoxlamaları zamanı subsidiyaların idarə edilməsi və istifadəsi zamanı ciddi nöqsanlar üzə çıxarılıb.

2022-ci il yanvarın 1-dən 2025-ci il aprelin 1-dək olan dövrü əhatə edən audit zamanı məhv olmuş 44.4 min hektar əkin sahəsinə görə 10.1 milyon manat subsidiya ödənildiyi müəyyən edilib.

Bundan başqa, torpaq sahələrinin identifikasiyası üçün zəruri rekvizitlər əldə edilmədən və müvafiq monitorinqlər aparılmadan 157 min hektar sahəyə görə ümumilikdə 34.55 milyon manat əkin subsidiyası ödənilib.

Peyk görüntülərinin təhlili zamanı 117 min 454.2 hektar sahədə becərmə işlərinin tələb olunan səviyyədə aparıldığı təsdiqlənməsə də, həmin sahələrlə bağlı 19 fermerə 24.2 milyon manat subsidiya verildiyi müəyyən olunub.

Auditdə həmçinin hüquqi şəxslərin əkin və məhsul bəyanları üzrə 304 milyon manat subsidiyanın həmin müəssisələrin cari hesablarına deyil, fiziki şəxslərin fermer kartlarına köçürüldüyü göstərilib. Bu məbləğin 16.9 milyon manatı hüquqi şəxslərlə əmək müqaviləsi olmayan şəxslərin kartlarına yönəldilib.

Hesablama Palatası qeyd edib ki, bu cür ödənişlər dövlət dəstəyinin ünvanlılığını və hesabatlılığını təmin etməyib, subsidiyaların nəticəliliyinin qiymətləndirilməsini məhdudlaşdırıb.

Digər nöqsan fermer kartları ilə bağlı olub. Belə ki, 2020-ci ildən 2025-ci il martın 31-dək 5 min 17 fermer kartı sahibləri tərəfindən bankdan götürülməyib. Həmin kartlara dövlət büdcəsindən ümumilikdə 2 milyon 625 min 700 manat köçürülüb.

.