İstefada olan general-leytenant, "Yeni çağ” qəzetinin köşə yazarı Armağan Kuloğlunun APA-ya müsahibəsi

-Suriyanın şimalında cərəyan edən proseslərə Türkiyənin sərt reaksiya göstərdiyini izləyirik. Beş ay əvvəl bizə müsahibənizdə Türkiyənin yubanmadan Afrində hərbi əməliyyat keçirməsinin lüzumundan bəhs etmişdiniz. Bu məsələdə Türkiyə gecikdimi, gecikirmi yoxsa hərbi əməliyyat olmayacaqmı?

- Vəziyyət qeyri-müəyyənliyini qoruyur. Türkiyənin cənub sərhədlərində qlobal qüvvələr öz hegemoniyalarını yaratmağa çalışırlar. Cərəyan edən proseslərdə Türkiyə üçün ən mühüm məsələ ölkənin təhlükəsizliyidir. PKK terror təşkilatının Suriyadakı qolu olan PYD/YPG bizim təhlükəsizliyimizi təhdid etdiyi halda, ABŞ o terror təşkilatı ilə açıq şəkildə müttəfiqlik edir, gizli dəstək verən Rusiya isə bir çox məsələdə o təşkilata loyal yanaşır.Suriyanın şimalında cərəyan edən hadisələr bizi həm terror təşkilatı, həm ABŞ, həm də Rusiya ilə qonşu halına gətirmişdir. Afrin bölgəsi Türkiyənin cənubi-qərb bölgəsində yerləşən vilayətlər üçün açıq təhdid halına gəldiyinə görə Türkiyə bir an əvvəl o təhdidi aradan qaldırmaq üçün Afrinə hərbi əməliyyat təşkil etməlidir. Çünki adına "kürd dəhlizi” deyilən zona böyük ölçüdə yaranıb və Türkiyənin təhlükəsizliyinə təhdid təşkil etməkdədir. Türkiyənin 24 avqust 2016-cı ildə başladığı "Fərat qalxanı” əməliyyatı ilə Əl-Baba qədər gedərək Suriyanın şimal-qərbindəki iki kantonun birləşməsinin qarşısını alsa da, PYD/YPG terror təşkilatlarına verilən dəstək sərhədlərimizdəki təhdidi daha da artırıb, Afrin terror mərkəzi vəziyyətinə gəlib. Bu məsələdəki qərarlılığını nümayiş etdirən Türkiyəyə qarşı qədim müttəfiq olan ABŞ-ın mövqeyi ziddiyyətlidir. Bir tərəfdən Türkiyəni itirmək istəməyən Vaşinqton o biri tərəfdən öz mənafeyi naminə terror təşkilatını silahlandırmağa və açıq dəstək verməyə davam edir. Bu məsələdə okeanın o tərəfindən verilən fərqli məzmundakı açıqlamalara da inanmamaq lazımdır. Çünki o açıqlamaların əsas məqsədi, əgər belə demək mümkünsə, "Türkiyənin qazını almaq” və əməliyyatlardan vaz keçirməyə çalışmaqdır. ABŞ-ın məqsədi məlumdur: orada özünə daimi müttəfiq axtarır və o müttəfiqin bir terror təşkilatı olmasını nəzərə almadan dəstək verməyə davam edir. Afrinə əməliyyat məsələsində öz qərarlılığını davam etdirən Türkiyənin hər kəsdən əvvəl Rusiya ilə razılığa gəlməsi lazımdır. Türkiyə hərbi hava qüvvələrinin Afrinə hücumu daha məqsədəuyğundur. Çünki hava hücumuyla nəticəyə daha tez varmaq mümkün olacaq. Bununla bağlı Rusiya ilə danışıqlar aparılır. Rusiya hava hücumuna icazə verməsə, quru əməliyyatı təşkil ediləcək. Bu durumda isə nəticə əldə edilməsi bir az gecikəcək. Hələ ki Rusiya hava hücumumuza icazə verməkdə tərəddüd edir. Çünki bu cür önəmli məsələdə Türkiyədən hansı təminatları istədiyini bilmirik. Digər tərəfdən, rəsmi Dəməşq hava hücumu təşkil etməyimiz halında təyyarələrimizin vurulacağını bildirdi ki, Rusiyanın dəstəyi olmadan bu cür açıqlamanın verilməsi də mümkün deyil. Bütün hallarda Türkiyə özünün cənub-qərb sərhədlərində meydana çıxa biləcək təhdidlərə qarşı əməliyyat keçirməyə qərarlıdır. Bu əməliyyat oradakı terrorçu qrupların bölgəni tərk edərək Fərat çayının şərq sahilinə çəkilmələrinə səbəb olacaq, ancaq terror təşkilatının Fərat çayının sağ sahilindəki strukturları xaricdən aldıqları dəstəklə orada özlərini möhkəmləndirməyə çalışacaqlar. Fərat çayının qərb sahilindəki bölgələr terror təşkilatının nəzarətindən çıxandan sonra Türkiyə özünün cənub sərhədlərindəki təhlükəsizliyini gücləndirmək məqsədilə sərhədin o tərəfindəki terror qrupları ilə mübarizəsini davam etdirəcək.

- Sərhədin təxminən 600 kilometrlik hissəsi boyunca PYD/YPG terror təşkilatının strukturları formalaşmağa davam edir. Sanki Türkiyə hələ oraya birbaşa müdaxilə etməyi planlaşdırmır. Siz necə düşünürsünüz?

- Hal-hazırda ABŞ-ın ən çox hərbi dəstək verdiyi bölgə Kobane-Rojava bölgələridir. Əlbəttə ki, Türkiyə öz milli təhlükəsizliyinə təhdid törədən ünsürlərə qarşı mübarizəsini davam etdirəcək. Hazırda Suriya məsələsində Türkiyə-Rusiya-İran ittifaqı vardır. Mənim fikrimcə, bu ittifaqın formatı genişləndirilməli və İraq dövləti ilə Suriya dövlətinin də iştirakı ilə 5 ölkənin ittifaqı yaradılmalıdır. Türkiyə bu məsələdə rəsmi Dəməşqə olan düşmənçiliyini aradan qaldırmalı və öz sərhədlərindən o tərəfdə terrora qarşı mübarizəni bu ittifaq çərçivəsində daha təsirli hala gətirməlidir. Ən mühüm məsələ Suriyanın ərazi bütövlüyü və Dəməşq hökumətinin rəsmi şəkildə qəbul edilməsidir. Bu məsələdə Rusiya da öz gücünü nümayiş etdirməlidir yoxsa terror təşkilatıyla əməkdaşlıq edən ABŞ bölgədə daim öz planlarını həyata keçirməyə çalışacaq. Bu bölgələr terror təşkilatının ünsürlərindən təmizlənəndən sonra Dəməşqin nəzarətinə verilməlidir. Əsas strateji hədəf bu olmalı, bunun üçün 5 ölkənin terrora qarşı müştərək mübarizə ittifaqı yaradılmalıdır. Unutmayaq ki, biz sərhədin o tərəfinə terrora qarşı mübarizə üçün gedirik, ona görə də leqal qüvvələrlə əməkdaşlıq etməliyik, yoxsa bizi işğalçılıqda günahlandıra bilərlər. Bizim məqsədimiz sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir. Gedəcəyimiz bölgələr terrorçulardan təmizlənəndən sonra Dəməşqin nəzarətinə verilməlidir. Bu şəkildə ittifaq yaradılsa, terrora qarşı daha təsirli mübarizə aparacağımıza inanıram. İdlib problemində də həm Suriya dövləti həm Rusiya ilə əməkdaşlıq etməliyik.

- İdlib məsələsi Türkiyəni narahat edən başqa bir problemdir. Türkiyənin orada hərbi əməliyyat keçirməsi nə dərəcədə mümkün olacaq?

- Astanadakı müzakirələrdə əldə edilən razılığa görə, Türkiyə, Rusiya və İran oradakı "döyüşsüz bölgələr”ə nəzarət edir. Hazırda İdlibə içəridən Rusiya, bayırdan isə Türkiyə nəzarət edir. Türkiyənin İdlibdə müşahidə məntəqələrinin yaratmasının ən böyük faydası Afrini cənubdan mühasirəyə almaq idi. Qarşıya qoyulan məqsəd də bu idi. Ancaq İdlibin terrorçulardan təmizlənməsinin özünəməxsus cəhətləri vardır ki, oraya da əməliyyatlar təşkil edilərkən Rusiya və Suriya dövləti ilə razılaşmaq lazım gələcək. Türkiyə özünün təhlükəsizliyini təhdid edən qruplara qarşı mübarizə apararkən məhəlli qüvvələrlə yox, dövlətlərlə əməkdaşlıq etməlidir. İdlib məsələsində Rusiya ilə daha çox müzakirə aparmaq lazım gələcəyini düşünürəm.Hava hücumları ən önəmli məsələ olacaq, Rusiya ilə bu məsələni razılaşdırmaq lazım gələcək. Hazırda İdlibdə rejim qüvvələriylə müxaliflər üzbəüz gəliblər. Türkiyə əvvəldən bəri "mülayim” deyə xarakterizə etdiyi müxalif qüvvələrə, bir növ, hamilik edir. İdlibdə Rusiyanın da Türkiyədən gözləntiləri var. İndi hamı üçün əsas məsələ Suriyanın bütün ərazisinə dövlət qüvvələrinin hakim olmasıdır. Məncə, Türkiyənin hərbi əməliyyatları da bu niyyətlə aparılmalıdır. Yəni azad edilmiş ərazilər rejim qüvvələrinə təhvil verilməlidir.

- Bəs işin əvvəlindən bəri xüsusilə Səudiyyə Ərəbistanına bağlı qüvvələrə Türkiyə tərəfindən dəstək verilməsi nə ilə nəticələnəcək? Türkiyə müzakirə masa arxasında "onlar yoxdursa, mən də yoxam” - deyə bilərmi?

- Türkiyənin belə bir lüksü yoxdur. Orada Əsəd rejiminə qarşı mübarizə aparan müxalif qruplar yekcins olmadıqları kimi, kifayət qədər güclü də deyillər. Rusiya və İran Əsədi dəstəkləyərək onun qalmasını istədilər və bu günə qədər buna nail olublar. Türkiyə isə Əsədin getməsini şərt qoyur. Mövcud tabloda hər kəsin gücü məlum olduğuna görə, vəziyyətin bundan sonra da müxaliflərin lehinə dəyişəcəyini gözləməmək lazımdır. Suriyanın gələcəyini müəyyənləşdirmək üçün keçiriləcək müzakirələrdə PYD/YPG terror təşkilatının iştirak etməsini istəməyən Türkiyə haqlıdır və indiki halda, öz məqsədini həyata keçirə bilir. Ancaq Suriyadakı o biri müxalif qruplarla bağlı təkidçi olmağa Türkiyənin lüksü yoxdur.

.