ABŞ Prezidenti Donald Tramp bildirib ki, bu səhər Rusiya Prezidenti Vladimir Putin onu ad günü münasibətilə təbrik edib, tərəflər əsasən İran məsələsini müzakirə ediblər.

Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.

“Putin mənə ad günümü təbrik etmək üçün zəng etdi, amma əsas müzakirə mövzumuz İran oldu – o, bu ölkəni çox yaxşı tanıyır. Uzun və əhatəli bir söhbətimiz oldu”, – Tramp bildirib.

Onun sözlərinə görə, söhbətin az hissəsi Rusiya-Ukrayna münaqişəsinə həsr olunub: “Bu məsələni gələn həftəyə saxladıq”.

Tramp həmçinin vurğulayıb ki, Rusiya artıq böyük sayda hərbi əsirin qarşılıqlı şəkildə azad olunması üçün planlaşdırılan mübadiləyə başlayıb.

“Mənim kimi o da hesab edir ki, İsrail-İran müharibəsi bitməlidir. Mən isə cavabında bildirdim ki, onun müharibəsi də sona çatmalıdır”, – deyə Tramp əlavə edib.

Telefon danışığı təxminən bir saat davam edib.

.