İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Gəlirlər və Gömrük Xidməti (HMRC) arasında transfer qiymətləri sahəsində əməkdaşlıq davam edir.
Dövlət Vergi Xidməti xəbər verir ki, bu çərçivədə DVX-nin rəis müavini Samirə Musayeva HMRC ekspertləri Entoni Klark, Stefen Denyer və Saymon Kimber ilə görüş keçirib. Görüşdə transfer qiymətləri sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və müvafiq qaydaların vergi nəzarəti prosesində səmərəli tətbiqi məsələləri müzakirə olunub.
Qeyd edək ki, tərəflər arasında 2023-cü ildə imzalanmış Anlaşma Memorandumunun qüvvədəolma müddəti 2026-cı il avqustun 3-də daha iki il uzadılıb. Əməkdaşlıq transfer qiymətləri sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə, DVX əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılmasına, eləcə də qurumun institusional potensialının gücləndirilməsinə xidmət edir.
Səfər çərçivəsində 16–19 noyabr tarixlərində HMRC ekspertlərinin iştirakı ilə transfer qiymətləri üzrə praktiki sessiyalar və təcrübə mübadiləsi davam edəcək.
