Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr Əbu-Dabidə davam etdiriləcək, lakin növbəti raundun konkret tarixi hələ müəyyənləşdirilməyib.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
O qeyd edib ki, tərəflər BƏƏ-nin paytaxtında Rusiya tərəfini tam qane edən əvvəlki üçtərəfli formatda dialoqun davam etdirilməsi ilə bağlı prinsipial razılığa gələ biliblər, lakin yeni görüşün vaxtı hələ razılaşdırılmayıb.
Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib. Danışıqların əsas mövzusu Rusiya və Ukraynanın təhlükəsizliyi olub. Yekunda tərəflər genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.
Uşakov Aİ-nin Ukrayna üzrə danışıqlarda iştirakı şərtini açıqlayıb
Avropa nümayəndələrinin Ukrayna üzrə danışıqlarda iştirakı məsələsini yalnız onlar Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı öz istək və təklifləri barədə aydın şəkildə bildirdikdən sonra qaldırmaq mümkün olacaq.
Bu barədə ölkə prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Avropalıların konkret olaraq nə istədikləri və Ukraynada nizamlanma prosesinin uğurla nəticələnməsi üçün hansı konstruktiv və məzmunlu təkliflər verə biləcəkləri barədə dəqiq siqnallar aldıqdan sonra, yəqin ki, onların danışıqlarda iştirakı məsələsi gündəmə gələcək", - Uşakov deyib.
Onun sözlərinə görə, Ukraynadakı vəziyyətlə bağlı üçtərəfli danışıqlar formatının genişləndirilməsi Moskva ilə razılaşdırılmayıb. O qeyd edib ki, növbəti raundda Rusiya, Ukrayna və ABŞ-nin iştirakı planlaşdırılır.
"Bilirsiniz ki, hazırda söhbət üçtərəfli formatda növbəti raundun keçirilməsindən gedir. Bu danışıqlar bir neçə gün əvvəl Əbu-Dabidə bərpa olunub və onların davam etdirilməsi barədə razılıq əldə edilib, lakin tarix hələ razılaşdırılmayıb", - diplomat qeyd edib.
.
