Vəzifə sahiblərinin, icra başçılarının dələduzluqları haqda çox yazılıb. Pula olan həvəs, hərislik öz doğmalarını belə aldatmaqdan çəkindirmir. Musa Firudun oğlu Bağırov "Azadlıq”a ünvanladığı məktubda belə bir situasiya ilə üzləşdiyini yazıb: "1983-cü ildən 2006-cı ilə kimi daxili işlər orqanında müxtəlif vəzifələrdə işləmişəm. 1991-ci ildə Şəmkir Rayon Polis İdarəsində SƏMD əməliyyat müvəkkili işləmişəm. Qardaşım Bağırov Həmid isə Şəmkir Dövlət Bankının müdiri işləyirdi.
1992-ci ildə Şəmkir rayonunda camaat Həmidin evinə gedib tələb etdi ki, o, kənddən və bankdan çıxsın. Həmid Tovuza gələrkən Aşağı Ayıblı kəndindən olan İmamqulunun vasitəsilə Xalq Cəbhəsinə keçdi və Tovuz rayon Dövlət Bankının müdiri oldu. Sonralar Tovuz rayon icra başçısı olanda izi itirmək üçün İmamqulunu tutdurdu. Kim ona dar gündə kömək etmişdisə, hamısını məhv etdi. 1991-1993-cü illərdə biz Volqoqrada Qovlar ”Napitok" araqları və pomidor göndərirdik. Gecələr 12-14 "KaMAZ” markalı yük avtomaşını Ceyrançöl yolu ilə yola salırdıq. Yaxşı pul qazanırdıq. Atam hörmətli, mərd, çörək verən insan olduğu üçün mən də polisdə olanda çalışırdım ki, heç kimə pislik etməyim. Ona görə də polisdə hər yerdə hörmətli işləmişəm. Mən həmin kommersiyadan 250 min qazandım. 1993-cü ildə pullar dəyişəndə Həmid Bağırov Tovuz bankının müdiri idi. Hamının pulunu faizlə dəyişirdi.
Həmin vaxt mən də 250 min pulu dəyişdim və 5 meşok 3-lük, 5-lik aldım. 2 gündən sonra Həmid bizə evə gələrək bir pullara baxdı, bir mənə baxdı, istehzalı gülərək dedi: sabah bu pulları gətir iri pul verim. Həmin 250 min pulu səhər apardım Tovuz Dövlət Bankına, Həmidə dedim pulu gətirmişəm. Həmid tapşırıq verdi, 250 min pulu təhvil götürdülər. Mənə dedi ki, 1-2 günə gəl pulunu al. 2 gündən sonra getdim, dedi 1 həftəyə gəl pulunu al. Beləliklə, 5-6 ay getdim-gəldim. Evdə olan əşyalardan satıb dolanırdım. Həmid də hər dəfə sevincək təkəbbürlə yuxarıdan aşağı baxaraq gülürdü. Axırda gördüm vəziyyət günü-gündən pisləşir. Ailəmi kənddə qoydum, Bakıda bir otaqlı köhnə evim var idi. Elə oldu ki, yarım ayda bir kəndə gedirdim. Neçə dəfə uşaqları elə vəziyyətdə görəndə istədim özümü asam, sonra fikirləşdim ki, Həmid o qədər acgöz və o qədər qəddar adamdır ki, evimi satıb uşaqları çölə tullayacaq.
Cənab Prezident! Həmidin Tovuzda yanacaqdoldurma məntəqəsi, poliklinikası, obyekti var və hamısı həyat yoldaşının adınadı. Bakıda isə "Neapol” şadlıq sarayı, ət dükanları, bir neçə evi, "Kaspian”da mağazaları var. 20 ildir mən onun nə evini, nə də bağını tanımıram.
Cənab Prezident! Bütün Düzqırıqlı camaatı bilir ki, Həmid başçı olmamışdan 12 il qabaq ora mənim idi, hələ də həmin obyektdə mənim adamım işləyir. Neçə dəfə oranı boşaltmaq istəyib. Mən imkan verməmişəm. Həyatım boyu mən yaxşılıq etməkdən zövq almışam. Həmid isə kasıbın pulunu, malını əlindən alıb. Tovuzda nə qədər insanların pulunu alıb, nə işini düzəldir, nə də pulunu qaytarır. Mən gözütox insanam. Heç nədə gözüm yoxdu. Həmid bizi elə günə qoydu ki, 20 yaşında mənim uşaqlarımın saçı ağardı. Həmidi puldan, maldan başqa heç nə maraqlandırmır. 5-10 adama səbət daşıyır. Ona görə özündən aşağıdakıları ayaqlayır. Cənab prezident, xahiş edirəm mənim Həmiddə olan 250 min pulumu və Düzqırıqlı kəndində olan obyektimi qaytarmağa kömək edəsiniz. Həmin pulun yarısını yetimlər evinə verəcəm".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
.