May ayında martın sonu, aprelin əvvəli ilə müqayisədə tikinti materiallarının qiyməti dəyişməyib, amma ilin əvvəli ilə müqayisədə düşüb. Buna mövsüm amili, son ay yarımda istehlak inflyasiyası təsir göstərib. Qaradağ daşı iki dəfə ucuzlaşıb və 42 qəpikdir (sürücülər belə satır). Güzdək daşı 40 qəpik, rayonlarda 60-80 qəpikdir. Bu barədə "Turan” agentliyi məlumat yayıb.
Yerli armaturun ("Baku Stell Company”) tonu martla müqayisədə 850 dollardan 740-760 dollara enib. Mismar, şveller, metal borular və başqa mallar da bu qədər ucuzlaşıb.
Mayda tikinti materialları bazarında monitorinqə əsasən, idxal mallarından parket 2, şifer 1,5, kafel və metlax 1,5, izolyasiya materialları 1, boyalar 2 faiz ucuzlaşıb. Yerli malların xüsusi çəkisi 62,3 faiz olub.
Tikinti materialları bazarında işləyən satıcılar hesab edir ki, Avropa oyunlarına hazırlıqla bağlı qiymətlər özbaşına qalxacaq.
Bazarda qarşılıqlı əlaqə var. Ərzaq inflyasiyası tikinti materiallarına da təsir edir. Bir çox satıcılar bildirir ki, inhisarçı məmurlara bağlı iri distribütor şirkətlərinin rəhbərləri onları idarə edir. Fevralda da tikinti materialları bazarında sabitlik olub.
Tikinti materialları bazarında işləyən satıcılar konyukturdan asılı olmayaraq qiyməti artırır və bunu aksiz qiymətlərinin artımı fonunda ümumi bahalanma ilə bağlayırlar. Bazara iri distribütor şirkətlərinə ayırmalar üzrə faiz artımı da təsir edir. Fiskal və yoxlama orqanlarının reydləri də nəzərdən qaçırılmamalıdır. Bu qurumlara edilən qeyri-rəsmi ödənişlər maya dəyərə daxil edilir və qiymətlərin artmasına səbəb olur.
Tikinti sektorundakı mənbələrdən "Yeni Müsavat”a verilən məlumata görə, tikinti materiallarının qiymətinin sabit qalması, bəzilərinin qiymətinin isə azalması başqa amillərlə də bağlıdır. Hazırda özəl tikinti şirkətlərinin çoxu işlərini dayandırıb. Oliqarxlara məxsus tikinti şirkətləri onları bazardan sıxışdırıblar. Eyni zamanda iri holdinqlər də hazırda dövlət sifarişləri əsasında işləyir və onlar yerli tikinti materiallarının satış bazarının xidmətindən çox az faydalanırlar. İri holdinqlər özlərinə lazım olan tikinti materiallarını birbaşa xaricdən gətirirlər. Bu onlara daha ucuz başa gəlir.
Mənbənin məlumatına görə, tikinti materiallarının qiymətlərinin sabit qalmasında gələn il Bakıda keçiriləcək Avropa oyunlarına hazırlıqlar da ciddi təsir göstərir. Tədbirə hazırlıqla bağlı iri dövlət şirkətlərinə ayrılan dövlət investisiyalarının həcmi kəsin azalıb.
Olimpiya xərclərinin qarşılanması səbəbindən dövlət büdcəsinin sərmayələrinin bölgüsündə ciddi dəyişiklik olub. Olimpiya infrastrukturlarının tikintisinə nəzarət edəcək Gənclər və İdman Nazirliyinə ayrılan xərclər 3 dəfəyə yaxın artıb. Ötən il büdcədən 336 milyon pay alan nazirliyə bu il 922 milyon manat ayrılacaq. Eyni zamanda infrastruktura aidiyyəti olan Nəqliyyat Nazirliyinin (yolların abadlaşdırılması) payı da 25 faiz artıb. Nazirliyə ayrılan sərmayənin həcmi 1 milyard 22 milyon manatdan 1 milyard 238 milyon manata çatıb. Bununla da Nəqliyyat Nazirliyinin payı rekord həddədir. Beləliklə, 5,26 milyard manatlıq investisiya piroqunun 24 faizi nəqliyyat sektorunun payına düşür. Olimpiya xərclərini qarşılamaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin (şəhərin təmizliyi) payı da artırılıb. Paytaxtda abadlıq işlərinin görülməsi, şəhərin kosmetik təmiri üçün Bakı meriyasına 276 milyon manat ayrılıb. 2013-cü ildə bu rəqəm 114 milyon manat idi (2,4 dəfə çox).
Əvvəlki illərdə büdcədən böyük pay alan təşkilatların - "Meliorasiya və Su Təsərrüfatı” və "Azərsu” ASC-nin sərmayələri də kəskin azalıb. Ötən il "Meliorasiya və Su Təsərrüfatı” ASC büdcədən 296 milyon manat pay almışdısa, bu il 210 milyon manatla kifayətlənməli olacaq (azalma 30 faiz). "Azərsu” ötən il büdcədən 734 milyon manat aldığı halda bu il cəmi 394 milyon manat alacaq (azalma 46 faiz). Olimpiya xərcləri Bakı Metropoliteninə də yatırılan sərmayələrin azalmasına gətirib çıxarıb. Ötən il metropolitenə 339 milyon investisiya yatırıldığı halda, bu il metro tikintisinə 224 milyon manat xərclənəcək. Yeni metro stansiyaları olimpiya hazırlıqları sırasına daxil edilmədiyi üçün buraya investisiyalar azalıb. Bu azalmalar tikinti materiallarının satış bazarına da təsir edib və qiymətlər sabitləşib.
Mənbə onu da bildirir ki, fərdi tikintilər də azalmaqdadır. Tikinti materiallarının pərakəndə satışı ilə məşğul olan ticarətçilər artıq ziyanla işləməyə başlayıb. Ərzaq dükanlarında dəbdə olan "nisyə dəftəri” tikinti materiallarının satışı dükanlarında da aktualdır. Ona görə də yaxın vaxtlarda tikinti materiallarının satış bazarında kəskin qiymət artımları gözlənilmir./musavat.com/
.