BRICS+ ölkələrinin iqtisadiyyatlarının həcmi 2045-ci ildən sonra böyük yeddilər (G7) iqtisadiyyatını ötəcək.

Bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in qlobal iqtisadiyyatla bağlı proqnozunda bildirilib. Qeyd edilib ki, sözügedən iqtisadiyyatlar arasında boşluq getdikcə azalacaq. Məsələn, 2020-ci ildə BRICS+ ölkələrinin iqtisadiyyatlarının həcmi 20 trilyon dollar, G7 ölkələrinin iqtisadiyyatlarının cəmi 40 trilyon dollar təşkil edib. EIU-nun proqnozuna görə, 2025-ci ildə BRICS+ iqtisadiyyatı 30 trilyon dolları, G7 ölkələrində iqtisadiyyatı isə 50 trilyon dolları ötəcək. 2030-cu ildə bu rəqəm müvafiq olaraq 40 və 60 trilyon dollar təşkil edəcək. 2040-cı ildə isə aradakı fərqdə getdikcə azalma başlayacaq və 2045-ci ildə hər iki qrup ölkələr üzrə ümumdaxili məhsul istehsalı 100 trilyon dollara bərabər olacaq. EIU bunu 2040-cı ildən başlayaraq Hindistan iqtisadiyyatının böyüməklə "BRICS+"da çəkisinin artacağı ilə əsaslandırır.

Qeyd edilib ki, inkişaf etməkdə olan iqtisadiyyatların qlobal çəkisinin artması geosiyasəti gərginləşdirəcək.

Xatırladaq ki, BRICS ölkələrinə beş sürətlə inkişaf edən ölkə -Braziliya, Rusiya, Hindistan, Çin, və Cənubi Afrika Respublikasının qoşulması ilə yaradılıb. 2024-cü ilin əvvəlində Misir, Efiopiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İran da bu qrupa qoşulub. Qrup ölkələri hazırda dünya əhalisinin 46%-ni və qlobal ÜDM-in isə 29%-ni özündə cəmləşdirib.

.