Bərpa olunan enerjinin genişlənməsini hazırda əsasən ekoloji məsələlər deyil, enerji təhlükəsizliyi amili şərtləndirir.
Bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bildirib.
“Əvvəllər bərpa olunan enerjinin inkişafını şərtləndirən əsas siyasət prioriteti ekoloji məsələlər idi. Bu texnologiyaların ucuzlaşması onları bir çox bazarda rəqabətqabiliyyətli enerji mənbəyinə çevirib. Lakin hazırda bərpa olunan enerjinin genişlənməsini əsasən enerji təhlükəsizliyi amili şərtləndirir. Çünki getdikcə daha çox ölkə idxal olunan yanacaqlardan asılılığını azaltmağa çalışır”, - Fatih Birol qeyd edib.
Onun sözlərinə görə, bərpa olunan enerjinin inkişafında yeni mərhələ həqiqətən qlobal xarakter daşıyır. Belə ki, bu enerji mənbələrinin tətbiqi əsas bazarlardan kənara çıxaraq dünyanın bütün regionlarına yayılır. Bu da bərpa olunan enerjini qlobal elektrik enerjisi sektorunun əsas dayaqlarından birinə çevirir.
“Hazırda dünya üzrə elektrik enerjisi istehsalının üçdə biri bərpa olunan mənbələrin payına düşür. Növbəti beş ildə isə bu göstəricinin yarıya yaxınlaşacağı gözlənilir”, - Fatih Birol vurğulayıb.
.
