Tehranın İran və ABŞ arasında dolayı danışıqların növbəti raundunda iştirak etməsinə dair qərarı müəyyənləşməyib.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (14 iyun) yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran üçün təsəvvür olunmur ki, İsrailin İrana hərbi hava hücumları ABŞ ilə koordinasiya olunmadan və yaxud bu ölkənin yaşıl işıq yandırması ilə həyata keçirilib.

Bəqai bildirib ki, qarşı tərəf (ABŞ) praktiki olaraq müzakirə və dialoqun mənasız olması ilə əlaqədar addım atıb. Belə ki, bir məsələ üzərində anlaşma əldə etmək üçün müzakirə iddiasında olduğu halda, iş bölgüsü apararaq İsrailin İranın ərazi bütövlüyünə hücum etməsinə icazə verib. Bu isə praktiki olaraq mümkün deyil.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub. İran və ABŞ arasında danışıqların 6-cı raundunun Omanda 15 iyunda keçirilməsi qərara alınıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Əlavə edək ki, ötən 13 iyun axşam saatlarında İran İsrailə qarşı “Doğru Vəd 3” hərbi hava əməliyyatının başladığını və İsraildə hərbi obyektlərin vurulduğunu bildirib.

.