Tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi sahəsində səlahiyyətli orqan dəyişir.

Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə müvafiq dəyişiklik təklif edilir.

Qüvvədə olan qanuna görə, şəxsin səhhətinin yaxşılaşması və ya tam sağalması nəticəsində gələcəkdə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi zərurəti aradan qalxdıqda, məhkəmə həkim komissiyasının rəyinə əsaslanmış səhiyyə orqanının təqdimatı üzrə tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında məsələyə baxır.

Layihəyə əsasən, bu sahədə təqdimatı müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum) – TƏBİB verəcək. 

Doğum haqqında məlumatı TƏBİB-ə dərhal ötürməyənlər 300 manatadək cərimələnəcək

Doğumun qeydə alınması qaydasının pozulmasına görə cərimə səlahiyyəti TƏBİB-ə verilir.

Bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) TƏBİB-ə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək.

Eyni zamanda, doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək  məbləğdə cərimə ediləcək. 

Əvvəllər bu məsələlərə Səhiyyə Nazirliyi baxırdı.

Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin reyestrini TƏBİB aparacaq

Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini TƏBİB aparacaq.

Bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum)- TƏBİB tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) – TƏBİB-in həmin reyestrə çıxışı təmin ediləcək.

Əvvəllər bu səlahiyyət Səhiyyə Nazirliyində idi.

Qan xidməti haqqında qanunvericiliyin pozulmasına görə TƏBİB-ə məlumat verməyənlər cərimələnəcək

Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulmasına görə TƏBİB-ə məlumat verməyənlər cərimələnəcək.

Bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, müalicə müəssisələri tərəfindən qanın, qan  komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) – TƏBİB-ə məlumat verilməməsinə görə-fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan yüz əlli  manatadək məbləğdə cərimə ediləcək.

Əvvəllər bu məlumatlar Səhiyyə Nazirliyinə təqdim edilməli idi.
 

.