Bir neçə gün öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) tərəfindən Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində xüsusi hərəkət zolağı yaradılıb. Yeni avtobus zolağı ilə bağlı sosial şəbəkələrdə avtomobil sürücülərinin narazılıqlarını ifadə edən videolar əks olunub. Sürücülər iddia ediblər ki, avtobuslar yeni zolaqdan nadir hallarda keçir, bununla da digər minik vasitələrinin istifadə etdiyi həmin yol daralır və nəticədə tıxac yaranır.
Məsələ ilə bağlı AYNA-dan bildirilib ki, Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində təşkil edilən xüsusi hərəkət zolağı ilə hazırda gün ərzində 960 dəfə avtobus hərəkət edir:
"Nəticədə 90.000-dən çox ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.Sözügedən yol sahəsində 102, 114A, 114B, 119, 199, 500, 503, 508, 594 nömrəli marşrutlar da daxil olmaqla ümumikdə 9 marşrut fəaliyyət göstərir".
Qurumdan bildirilib ki, təşkil edilən xüsusi hərəkət zolağı ilə hərəkət edəcək marşrut və avtobus sayının artırılması nəzərdə tutulub:
"Bu da Sumqayıt, Xırdalan şəhərləri və Masazır qəsəbəsi istiqamətində hərəkət edən sərnişinlərin fasiləsiz daşınmasına müsbət təsir edəcək. Qeyd edək ki, bu ərazidəki məsafəni avtobuslar pik saatlarda 15 dəqiqəyə getdiyi halda, xüsusi zolağın təşkilindən sonra həmin məsafəni ictimai nəqliyyat vasitələri 4 dəqiqəyə qət edir",- AYNA-dan əlavə edilib
.
