Bir neçə gün əvvəl ölkəyə yeni taxıl biçən kombaynlar gətirilib. Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə "Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniya, Finlandiya və Belçikadan gətirilmiş 147 ədəd kombaynın təqdimatı olub. Onların 80 ədədi Belçika istehsalı olan "New Holland”, 60 ədədi Almaniya istehsalı olan "Class” və 7 ədədi Finlandiya istehsalı olan "Sampo” kombaynlarıdır.
Bildirilir ki, texnikaların göstəriciləri və istismar qaydalarını mənimsəyən, kursları bitirən mexanizatorlara sertifikatlar verilib. Həmçinin bir qrup sahibkara kombaynların açarları təqdim olunub.
Məlum olduğu kimi, ölkə prezidenti 4 iyul 2013-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında sərəncam imzalayıb. Sərəncama əsasən taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılmışdı. İndi fermerlərə verilən kombaynlar həmin vəsait hesabına alınıb. Ancaq yenə də ölkə üzrə kəskin kombayn çatışmazlığı problemi var - fermerlər taxılı bişmək üçün kombayn tapa bilmirlər.
Məsələ bundadır ki, 15 milyon yox, 125 milyon ayrılsa belə kombayn problemi həllini tapmayacaq. Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, əlavə maliyyə vəsaitinin ayrılmasına ehtiyac yoxdur. Çünki Azərbaycan bu sahəni ekstensiv yolla inkişaf etdirə bilməyəcək. 147 kombayn bu qədər sahəni biçməyə bəs eləmir. Bir milyon hektardan artıq sahəni azaltmağa ehtiyac var. Taxıl sahələrinin həcmini 400 min hektara endirmək lazımdır. Əks halda, aqrotexniki qaydalara əməl edilməyəcək.
Ekspertlər deyir ki, ölkədə 1 milyon 600 min hektar əkin sahəsi var, onun ən çox halda dörddə bir hissəsində taxıl əkilməlidir. 4 ildən bir növbəli əkin sistemi ilə həmin sahədə taxıl əkinini həyata keçirmək lazımdır. 15 milyon manatla 150 kombayn almaq olar. Hazırda ölkə üzrə 1980 kombayn var, ancaq 1 milyon hektar ərazini biçmək üçün 4 min kombayna ehtiyac var. Bizdə isə onun yarısı da yoxdur. Ona görə də ekspertlər hesab edir ki, seçilmiş yol yanlışdır. Sahəni genişləndirəndə daha çox texnikaya, anbara və digər avadanlıqlara ehtiyac olacaq. Bu ehtiyacları da davamlı şəkildə ödəmək mümkün olmayacaq. Daha az sahədə taxıl əkib, daha çox məhsul almaq ən optimal variantdır.
Ekspertlər deyir ki, taxılçılıqda intensiv yol seçilməlidir.
Bu kombaynların hər birinin dəyəri 100 min avrodur. Özü də bunlar 10 il müddətinə istifadə olunacaq. Kombaynın qiymətini nəzərə alanda, deməli, bir ildə on min manat xərc təkcə onun qiymətinə getmiş olur. Axı bu kombaynla 10 min manatlıq iş görülmür. Üstəlik də o qədər də gəlir gətirmir. Orda istifadə olunan yanacaq var, kombayn sürənin haqqı var, amortizasiya xərci var. Bütün bunları hesablayanda o rəqəm çox yüksək alınır. Bu, fermerlərə də sərf eləmir. Bir hektardan 20 sentner məhsul yığılır. Bütün bunları nəzərə alanda hazırkı tədbirlər sərf eləmir. Ona görə də əlavə kombaynlar almaq yox, sahənin həcmini azaldıb intensiv yolla daha çox məhsul əldə etməyə çalışmaq lazımdır. Belə olan halda az kombaynla da yüksək məhsuldarlıq əldə etmək olar.
Ekspertin fikrincə, əgər intensiv yol deyil, hazırkı ekstensiv yol davam etdiriləcəksə, bu, büdcə vəsaitlərinin havaya sovurulması anlamına gəlir. Hazırda olan kombaynlar 400-500 min hektar ərazinin taxıl biçininə bəs edir. Sadəcə olaraq, işi düzgün qurmaq lazımdır. Həmin 400-500 min hektar sahənin hər hektarından 60-70 sentnerə yaxın taxıl yığılsa, bu da ölkənin taxıl məhsullarına olan tələbatını tamamilə ödəyər. Ancaq təəssüf ki, hökumət də, Kənd Təsərrüfatı Nazirliyi fərqli və səmərəsiz yol tutub.
Kənd Təsərrüfatı Nazirliyinin büdcə vəsaitlərini qeyri-şəffaf xərcləməsi ilə bağlı zaman-zaman məlumatlar dərc edilib. Bu, sabiq nazir, hazırda baş nazirin müavini olan İsmət Abbasovun dövründə də belə idi, yeni nazir Heydər Əsədovun dövründə də vəziyyət dəyişməyib. Nazirliyin tenderlərində iştirak edən şirkətlərin əksəriyyəti çox qaranlıq keçmişə sahibdirlər. Ayrılan vəsaitin səmərəliliyinə gəldikdə isə bu sahədə də ciddi problemlər var. Məsələn, vəsait ayrılıb ki, gübrə gətirilsin, amma fermerlər o gübrədən səmərəli istifadə edə bilmir. Yəni gübrələr çox az, keyfiyyətsiz, bəzi hallarda isə müddəti keçmiş olur. Bundan əlavə, idxal olunan toxum materialının keyfiyyəti aşığıdır, ona görə də məhsuldarlığın səviyyəsi aşağı olur. Bütün bunlar onu deməyə əsas verir ki, "Aqrolizinq” ləğv olunmalıdır. Ümumiyyətlə, bu sahə ilə məşğul olan insanlara güzəştli kreditlər verilməli, ilk mərhələdə yardım edilməlidir.
Bazarda rəqabət mühiti yaradılmalıdır ki, daha keyfiyyətli kənd təsərrüfatı məhsulu istehsalı üçün avadanlıqlar, gübrə, toxum materialları, pestisid və texnika gətirilsin.
Ayrı-ayrı fiziki şəxslərə şərait yaratmaq lazımdır ki, rəqabət mühiti olsun. Yoxsa "Aqrolizinq” kimi monstr qurum yaradıb, fermerləri ondan asılı vəziyyətdə saxlamaq düzgün deyil. Bunlar artıq inhisarçılara çevriliblər, qiymət diktə edirlər. Gətirdikləri avadanlıqlar, texnika, kənd təsərrüfatı materialları da həm dəyəri yüksəkdir, həm də keyfiyyəti aşağıdır. Nə qədər ki, bu vəziyyət davam edəcək, kənd təsərrüfatında hansısa irəliləyişlərə nail olmaq mümkün olmayacaq./musavat.com/
.
