Narkotik maddələrin taksi və kuryer xidmətləri adı altında qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinuin Mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat zamanı kuryer xidmətlərindən birinin işçisi paytaxt sakini Elvin Mustafayev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərindən və idarə etdiyi motosikletdən 5 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan Suraxanı rayon sakini Rəşad Salmanov da saxlanılıb. Onun üzərindən və Bülbülə qəsəbəsindəki mənzilindən 21 kiloqram, o cümlədən 15 kiloqram heroin, 3 kiloqram metamfetamin, 3 kiloqram marixuana və narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar edilib.
E.Mustafayev və R.Salmanov onlardan aşkar olunan narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsi ilə Qaradağ və Binəqədi rayonları ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
.