Süni İntellekt Akademiyası bu ildən fəaliyyət başlayıb. Həmin akademiyada hazırda birinci nəsil süni intellekt mühıəndislərinin yetişdirilməsinə başlanılıb.

Bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, süni intellektlə bağlı məhsulda həllərin formalaşması üçün bir çox biliklərə ehtiyac var:

“Proqramlaşdırma dili olan, çox yaxşı riyaziyyat biliklərinə sahib tələbələr lazımdır. Təxminən 2500 müraciət edən şəxsdən bu sahədə 100-ə yaxın tələbə seçə bildik. Bu gənclər ölkəmizin istər riyaziyyat, istər proqramlaşdırma, istərsə də öz sahələrində ən parlaq istedadlarıdır. Təxminən 6 ay ərzində süni intellekt sahəsində proqramlaşdırmanı daha dərindən öyrədəcəyik. Nəticə odur ki, 6 ayın tamamında birinci nəsil süni intellekt mühəndisləri, data mühəndisləri, süni intellektin məhsulları yaradılma üzrə menecerləri biz görə biləcəyik”.

.