Fövqəladə Hallar Nazirliyinin qüvvələri Sumqayıtda beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatlarını başa çatdırıb.

Bu barədə  FHN-dən məlumat verilib.

Bildirilib ki, ümumilikdə partlayış nəticəsində 6 nəfər xilas edilib.

10:21

 

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır.

Bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, dekabr ayının 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib.

Qeyd olunan faktlarla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin xüsusi texniki vasitələri və canlı qüvvələri, prokurorluq və polis əməkdaşları cəlb olunmaqla, operativ və təxirəsalınmaz tədbirlər icra olunur.

Belə ki, şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.

09:31

 

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

08:39

 

Sumqayıtda yaşayış binasında baş vermiş partlayış nəticəsində yaralananların vəziyyəti ağırdır.

Bu barədə  Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

“03.12.2024-cü il tarixində saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub”, – məlumatda qeyd olunub.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Bildirilib ki, 1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

.