Azərbaycanda xəvaricilər ölkədə şəriət hökumətinin qurulması üçün istənilən yolu məqbul sayırlar.
Onların iddiasına görə, özlərindən başqa hamı kafirdir. Artıq ölkədə cəryan edən dini təriqətlərin nümayəndələri hətta mətbuata da sirayət ediblər. Belələri internet media səhifələrində geninə-boluna radikal dini qurupların dolayısı ilə müdafiəsinə qalxıb. Hətta həmin şəxslər çalışdıqları yerlərdə insanları xəvaricliyi, sələfiliyi, vəhabiliyi və.s dini qurupalara cəlb etmək üçün dəridən-qabıqdan çıxmaqdadırlar. Lakin son dövrlər Azərbaycanlıların Suriyada vuruşması və mücahid kimi ölümü ilə bağlı xəbərlərin intensivləşməsi bir daha vəhabi təriqətini gündəmə gətirir. Xarici görünüşünə görə fərqlənən və getdikcə daha tez-tez rast gəldiyimiz bu təriqət nümayəndələrindən bəziləri niyə Suriyada gedən daxili toqquşmalarda iştirakçı olurlar?
Ümumi anlamda əgər kafirlərə qarşı vuruşmaqdan və bunun üçün bütün məkanların məqbul sayılmasından söhbət gedirsə, niyə "vəhabi” olaraq tanınan gənclər döyüş yeri kimi Suriyanı seçirlər? Axı orda hər iki tərəfdə müsəlmanlar dayanır!
İki mühüm məqamı nəzərə aldıqda, bu narahatlıq daha da artır:
1) "Vəhabi” "Xəvaric" deyə ümumiləşdirdiyimiz bu təriqət daşıyıcılarının sırasında artıq özünü təqdiqləmiş, gənc yaşından fərqlənən idmançıların, dini təhsil görən insanların sayı çoxalmaqdadır;
2) Artıq Azərbaycanın özündə belə, bu təriqət nümayəndələrinin sabitliyi pozacaq səviyyədə münaqişələrinin şahidi olmaqdayıq.
Sonuncu Sumqayıt hadisəsi və orada silahlı toqquşma dediklərimizə sübut sayıla bilər.
Xəvaricilər niyə Qarabağı yox, Suriyanı seçir?
Xəvaricilərə görə, şəriət qayda-qanunları ilə idarə olunmayan müsəlman ölkələri, o cümlədən Azərbaycan "Darül küfr", yəni "Kafirlər diyarı"dır. İddia edirlər ki, şəriət qayda-qanunlarının hökm sürmədiyi müsəlman ölkələri Avropa dövlətləri və yəhudilərin "Masson" təşkilatı tərəfindən idarə olunur. Ona görə də xəvaricilər bu müsəlman ölkələrindəki siyasi hakimiyyətləri istənilən yolla dəyişməyə hazırdırlar.
"Küfrlər diyarı” saydıqları Azərbaycanın haqq-ədalət savaşında isə iştirak etmək istəmirlər. Onların anlamında Suriyada İslamın digər təriqətində olana qarşı savaşmaq olar – çünki onlar "bacı-qardaşlarını təhqir edirlər”, amma Qarabağda erməni qəsibkarlarına qarşı vuruşmaq lazım deyil – baxmayaraq ki, ermənilərin müsəlman azərbaycanlıların bacı-qardaşlarını təhqir etdiklərinə dair kifayət qədər sübutlar var. Onların aləmində azərbaycanlılar küfr sahibi olduğundan, bu savaşda "iki kafir vuruşur”.
Sumqayıtda xəvaricilərin rəhbəri kimidir?
Mətbuatda yayılan məlumata görə, Sumqayıtda xəvaricilərin rəhbəri (əmiri) Əkbərov Elçin Əkbər oğludur. Elçin Əkbərov Sumqayıt sakinidir. Bir neçə il əvvəl həbsdə olub. Qısa müddətdən sonra nəməlum səbəbdən azadlığa buraxılıb.
Elçin Əkbərovun Sumqayıt sakini olması xəvariciliyin bu şəhərdə daha geniş yayılmasının səbəbidir. Diqqət edirsinizsə, Suriyada vuruşan və mücahid kimi ictimaiyyətə təqdim edilən azərbaycanlıların da böyük əksəri Sumqayıtdandır və ya Sumqayıta bağlı olanlardı – ya orada təhsil alıb, işləyib və s.
Onlar özlərini Sumqayıtda çox sərbəst hiss edirlər. Təsadüfü deyil ki, "təriqətdaxili qanlı toqquşmalara” da "ev sahibliyi edən”lər sırasında hələlik Sumqayıtın adı çəkilir. Hal hazırda isə Sumqayıt xəvəriclərinin əmiri kimi tanınan Elçin Əkbərov bir müddət əvvəl Sumqayıt şəhərində baş vermiş vəhabi-xəvariclər arasında silahlı qarşıdurmaya görə həbs edilib. Deyilənə görə, bu şəxs xəvariclər arasında Sumqayıtda xüsusi nüfuza malikdir. Məhz onun səyləri nəticəsində Sumqayıtda xəvariclik geniş yayılıb. Buna görə də həmin şəxs Suriya döyüşən şəxslər tərəfindən alqışla qarşılanır.
Qeyd edək ki, xəvaricilər xüsusi xidmət orqanların diqqətini cəlb etməmək üçün qrup halında fəaliyyət göstərmirlər. Onlar əsasən xeyir-şər evlərində toplaşırlar. Əksər hallarda isə bir-birlərilə internet vasitəsilə əlaqə saxlayırlar.
Əsl müsəlman harada döyüşməlidir?
Yuxarıda bu suala aydınlıq gətirməyə çalışdıq. Onların iddiasına görə Qarabağ "iki kafir ölkənin” savaşıdır!
Onlar tez-tez hər kəsə belə bir sual verməyi xoşlayırlar: "Bütün müsəlmanları özünün bacı və qardaşın hesab edirsənmi?"
Müsbət cavab alan kimi, "Bəs onda niyə İraq, Suriya, Əfqanıstandakı bacı-qardaşlarına kömək etmirsən? Kafirlər sənin bacı-qardaşlarının başına min oyun açırlar, niyə səsini çıxarmırsan?"
Maraqlıdır ki, nə İraq, nə Suriya, nə də xəvaricilərin daha çox qeyrətini daşımağı üzərlərinə götürdüyü digər ölkələr şəriət qaydaları ilə idarə olunur. Deməli, xəvaricilərin məntiqincə, bu ölkələr də "darül İslam" sayılmamalıdır. Amma nədənsə onlar bu ölkələr haqqında belə düşünmürlər. Niyə?
Bunu bir özləri, bir də Allah bilir. Bizə isə sadəcə, mülahizələr yürütmək qalır. Ən inandırıcı versiya budur ki, ola bilər, Azərbaycandakı xəvaricilər ölkəmizə qarşı olan hansısa dövlətlərin xüsusi xidmət orqanları ilə bağlıdırlar. "Əsl müsəlman Qarabağda döyüşməməlidir" ideyasını da həmin dövlətlərin xüsusi xidmət orqanlarının tövsiyəsi ilə təbliğ edirlər.
3 dəfə "yox" desən, qanın da, namusun da halaldır
Xəvaricilər sələfilərdən fərqli olaraq saqqal saxlamağı məcburi qayda saymırlar. Onların məscidə gəlişi və cümə namazı da dəmir intizam deyil. Onların fikrincə, cümə namazında imam dövlətin rəhbəri olmalıdır. Bir halda ki, dövlətin başçısı imam deyil, onda məscidə getməyə, cümə namazı qılmağa vaxt sərf etməyin heç bir mənası yoxdur. Kafir hakimiyyəti necə devirib, onun yerində şəriət hökuməti qurmaq barədə düşünmək daha məqbuldur.
Xəvaricilərin İslama (təbii ki, özlərinin başa düşdüyü İslama) dəvəti də absurddur. Onların fikrincə, bir şəxs üç dəfə İslama dəvət oluna bilər. Hər üç halda cavab mənfi olsa, onda həmin şəxsin qanı da, namusu, əmlakı da halal sayılır. Beləliklə də özlərini əsl müsəlman sayan xəvaricilər "Dində məcburiyyət yoxdur" ayəsini "unudurlar".
Halbuki onlar "Qurani Kərim"i çox gözəl bilirlər. Dini mübahisələrdə "Qurani Kərim"dən elə iqtibaslar gətirirlər ki, rəqiblərinin matı-qutu quruyur.
Sonda bildirək ki, xəvaricilər hələ ki, Azərbaycanda sələfilər kimi təşkilatlana bilməsələr də, hər halda mövcuddurlar və sıralarını artırmağa nail olurlar. Belə olmasaydı, Suriyada döyüşə yollanan gənclərimizin sayı getdikcə artmaz, ölkə daxilində silahlı qarşıdurmaya qədər getməyə risk etməzdilər.
.
