Azərbaycanda əhalinin gəlirləri açıqlanıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar ayında əhalinin gəlirləri 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 2,6 milyard manat təşkil edib. Bunun hər nəfərə düşən həcmi orta hesabla 279,7 manat olmuş və 2,5 faiz artıb.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 3,8 faiz çox vəsait qalıb.
Eyni zamanda Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda illik hesablamada istehlak qiymətlərinin 2,2% artdığı qeydə alınıb. Bu ilin yanvarında 2013-cü ilin eyni ayı ilə müqayisədə ərzaq 2,6%, qeyri-ərzaq malları 3,5%, pullu xidmətlər 0,2% bahalanıb.
Lakin ekspertlər bu rəqəmlərlə razı deyil. Çünki hətta subyektiv qiymətlər göstərir ki, ilkin tələbat malları (qida, paltar, yanacaq) il ərzində 7-9% bahalanıb.
Belə olan halda gəlirlərin 3,8 faiz artması əhalinin həyat səviyyəsinə müsbət təsir edə bilərmi?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev azadlıq.info-ya gəlir, məşğulluq və digər sosial statistikası ilə bağlı həmişə problemin olduğunu bildirib. Çünki rəsmi məşğulluq kifayət qədər yüksək olan ölkələrdə etibarlı statistika gəlirlərin həcmini hesablaya bilir.
Ekspertin sözlərinə görə, normal ölkələrdə rəsmi məşğulluq ümumi məşğulluğun 85-90 faizini təşkil edir. Yəni qeyri-rəsmi məşğulluq heç 10 faiz təşkil etmir. Azərbaycanda isə qeyri-leqal məşğulluq kifayət qədər yüksəkdir və üçüncü dünya ölkələri ilə müqayisə olunacaq göstərici var. 33 faiz məşğulluq leqal, qalanı isə qeyri-leqaldır. Belə vəziyyətdə gəlirlərlə bağlı obyektiv statistikanın aparılacağına şübhə var. Yerdə qalan 67 faiz məşğulluq qeyri-leqaldır: "Belə olan halda şübhə edirəm ki, Statistika Komitəsi gəlirləri uçota ala, yaxud da o gəlirlərlə bağlı obyektiv müayinə apara bilir. Əgər işçi qüvvəsinin, gəlir əldə edə biləcək insanların üçdə ikisinin leqal məşğulluqu yoxdursa, o halda statistikanın gəlirlərlə bağlı açıqladığı rəqəmlər həmişə ciddi şəkildə şübhə doğurur”.
Ekspert inflyasiya və gəlirlər arasında əlaqə məsələsində də problemin olduğunu deyir. Çünki Statistika Komitəsi ərzaq inflyasiyasını elan etmir. Baxmayaraq ki, bir çox ölkələrdə hökumət ümumi inflyasiya ilə yanaşı ərzaq inflyasiyasını ayrı elan edir: "Yoxsul ölkələrdə insanlar gəlirlərinin az qala dörddə üçünü ərzağa verir. Inkişaf etmiş ölkələrdə ərzağa gəlirlərinin heç dörddə birini də vermir. Bu göstərici 25 faizi ötmür. Azərbaycanda insanlar ailə büdcələrinin az qala 70 faizini ərzağa xərcləyir. Belə vəziyyətdə ərzaq inflyasiyasının hesablanması ilə bağlı prolemlər var. Azərbaycanda aparılan alternativ inflyasiya hesablamaları da göstərdi ki, hökumətin elan etdiyi rəsmi inflyasiya səviyyəsi real rəqəmləri əks etdirmir. Belə bir şəraitdə hökumət ərzaq inflyasiyasını ölçməlidir. Hökumət gəlirlərin artımı ilə inflyasiya səviyyəsi arasında əlaqə yaratmaq istəyirsə, ərzaq inflyasiyasından çıxış etməlidir. Əminəm ki, Azərbaycanda ərzaq inflyasiyası hesablansa və hökumət onu ortaya qoysa, orta inflyasiya göstəricisi xeyli yüksək olacaq. Biz görəcəyik ki, hətta hökumətin özünün elan etdiyi gəlir artımı ilə inflyasiya arasında uyğunsuzluq var. Bu uyğunsuzluq inflyasiyanın xeyrinədir”.
.