Siyasi dustaqlarla əfv danışıqları başlayıb. Bu barədə siyasi motivlərlə üçüncü dəfə məhkumluq həyatı yaşayan vəkil Qurban Məmmədov məlumat yayıb.
Onun "Azadlıq" qəzetində yazı dərc etdirdiyi yazısında göstərilir ki, hakimiyyət məhbəsdə olan siyasi məhbusları əfv etmək barədə düşünür və onlarla danışıqlara başlayıb.
Q.Məmmədov saxlandığı cəzaçəkmə müəssisəsinin rəisinin qəbul otağında siyasi və vicdan məhbuslarından Əvəz Zeynallını, Sərdar Əlibəylini, Əbdül Əbdülovu və Anar Məmmədlini gördüyünü yazıb.
Tanınmış vəkil rəisin qəbulunda olarkən tanımadığı bir şəxsin onunla mükaliməyə başlamaq istədiyini, bu zaman qaba şəkildə "sən kimsən, əə", "səni kim tutub" kimi suallar verdiyi üçün dialoqun alınmadığını da qeyd edib.
Xatırladaq ki, siyasi məhbuslar əfv olunmazdan əvvəl mütləq bu sayaq profilaktiki iş aparılır, onlar əfv olunmalarına dair ərizələr alınır, boyunlarına bəzi öhdəliklər qoyulur. Bu sırada Fəxri Xiyabanı ziyarət etmək, həbsdən sonra müxalifət düşərgəsində yox, QHT sektorunda fəaliyyət göstərmək, artıq-əskik danışmamaq kimi hərəkətlər var.
Ancaq bu öhdəlikləri qəbul edənlərlə yanaşı, qəbul etməyənlər də olur.
Hər halda, Novruz bayramı ərəfəsində bir sıra tanınmış siyasi dustaqların azadlığa buraxılmasını gözləmək olar.
.