"Elə məmurlar var ki, dövlət işində oturub maaş alır, övladları isə başqa-başqa məzhəblərə qoşulub yoldan çıxır”

"Azərbaycanda bir-birini dini təriqətlərə bölərək, aşağılayırlar ki, bu da cinayətdir, yolverilməzdir”.
Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dindarların iştirakı ilə keçirilən tədbirdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, son vaxtlar belə hallar artıb: "Mən şəxsən heç bir təriqətdən deyiləm, mən müsəlmanam. Çünki İslamda dini təriqətlərə bölərək bir-birini aşağılamaq yolverilməzdir. Bu cinayətdir. Suriyada indi şəhadət adıyla gedib döyüşürlər ki, bu da düzgün deyil. Özü də pula görə gedib döyüşürlər. Peyğəmbər (ə) buyurub ki, pulla gedib döyüşmək şəhadət sayılmır. Əminəm ki, dövlət bununla bağlı hansısa tədbir görəcək. Çünki bu, İslama qarşı yolverilməzdir”.
Şeyx Qazılər Şurasına da müraciət edərək bildirib ki, bu halların qarşısını almaq üçün fəaliyyətə keçsin: "Bizim Qarabağ kimi dərdimiz var. Biz torpaqlarımızın və oradakı qurbanlarımızın qeyrətini çəkməliyik. Bizim əsl şəhadətimiz budur”.
Şeyx bəzi məmurlara da övladları ilə bağlı müraciət edib: "İndi elə məmurlar var ki, dövlət işində oturub maaş alır, amma övladları başqa-başqa məzhəblərə qoşulub yoldan çıxır”.
Əslində QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu məsələdə ad çəkməsədə dolayısı ilə övladları vəhabi və müxtəlif məzhəblərə qoşulan Azərbaycan məmurlarının "bostanına” daş atmağı da unutmayıb. Məsələn Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun oğlunun vahabi təriqətinə qoşulduğu barədə ölkə mediasında kifayyət qədər yazılıb.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın tanınmış nəşirlərindən olan "Novoya Qazeta” Azərbaycandakı dini proseslərlə bağlı məqalə dərc etmişdi. Azərbaycanın dünyada tolerantlıq nümunəsi ola biləcək ölkələrdən biri kimi qeyd olunduğu yazıda Çeçenistandakı müharibədən sonra Azərbaycanda da dini radikalların – vəhabilərin sayının artdığı göstərirdi. Qəzetinin iddiasına görə, Azərbaycanda vəhabiliyin yayılmasına Səudiyyə Ərəbistanı sponsorluq edir. Onlar xeyriyyəçilik pərdəsi altında məcburi köçkün və yaşayış səviyyəsi aşağı olan insanlar arasında öz ideyalarını yayırlar.
Bundan əlavə sözü gedən qəzet Azərbaycanda vəhabilərin cəmiyyətdə mövqelərini bərkidərək artıq hüquq-mühafizə orqanlarına da sirayət etdiyini qeyd edib. Maraqlıdır, bəs həqiqətdə vəhabilər azərbaycan üçün nə qədər təhlükə ola biləcəyini bilən Şeyxülislam Hacı Allahşükür Paşazadə bu illər ərzində hansısa səbəbdən danışmayıb. Hələ indi də dolayısı ilə bu məslənin üzrəindən keçir. Sadəcə konkret ad çəkmədən regionumuzda baş alıb gedən dini təriqətlərin kimlər tərəfindən məliyyələşdirilməsinin və hansı məmurların bu məsələdə maraqlı oluduğunun üzərindən Şeyxülislam vaz keçir.
Qeyd edək ki, belə təriqətlər daha çox Azərbaycanın bölgələrində fəaliyyət göstərir və onlar üçün əsas faktor maliyyə mənbəyidir. Rayonlarda sosial problemləri olan sakinlərə maliyyə ayrılır, fermer təsərrüfatları yaradılır və beləliklə həmin şəxsləri maddi baxımdan təsir altına salandan sonra dinə meyilliliklərini yaradırdılar. Bu sistemlə Tərtərdə, Bərdədə kifayət qədər gücə sahibdirlər. Çox maraqlı haldır ki, vəhabilərin maliyyə dəstəyi ilə təsərrüfat yaradan şəxslərdən də tələb edilir ki, başqa 3 şəxsə maliyyə dəstəyi göstərsin və onlarda bu təriqətin üzvü olsunlar. Beləliklə də zəncirvari bir sistem yaradılır və indinin özündə də bölgələrdə vəhabilər kifayət qədər artıb və heç də kasıb təbəqə sayılmırlar.
2005-ci ildən etibarən vəhabilər və havariclər ölkənin müxtəlif bölgələrində terror aktları həyata keçirtməyə başlayıblar. Buna baxmayaraq onların yenə Azərbaycanda şəbəkələrinin qaldığı və istənilən an ayağa qalxa biləcəkləri proqnozlaşdırılır.
Artıq aydıdır ki, bu gün Suriyada, İraqda, Pakistanda, Əfqanıstanda silahlı qruplaşmalar daxilində savaşan azərbaycanlılar var. Bunların bir qismi Türkiyə vasitəsi ilə, bir qismi isə Çeçenistan vasitəsi ilə bu xəttə düşüblər. Ekspertlər hesab edir ki, onların sayı kifayət qədər artmaqdadır. Ekspertlər bunu da bildirirlər ki, azərbaycanlıların mücahid dəstələrinə qoşulmaları hələ birinci çeçen savaşı zamanından baş verib.
Azərbaycanda indidə mövcud olan havariclər daha təhlükəlidir. Bu qanada daxil olan mücahidlər daha təhlükəli mücahidlər hesab edilir və ən qatı silahlı birləşmələrdə təmsil olunurlar. Bunu da qeyd edək ki, bu xətlə aparılanlar əsasən tələbələr olur və sonradan onların Azərbaycana qayıtmaması üçün hətta sənədlərindən belə mərhum olunduqları söylənilir.
Ekspertlər hesab edir ki, bu halların mövcudluğu Azərbaycanın sabahı üçün real təhlükə olacaq. Çünki hazırda müxtəlif ölkələrdə savaşan bu gənclər sabah Azərbaycana qayıdacaqlar və onların mövcud halda rahat yaşamaları inandırıcı deyil. Ən azından onların sabah real terror təşkilatları yaradacağı qaçılmaz hala çevriləcək. Buna görə ekspertlər hesab edir ki, indidən bu şəxslərin siyahısı aparılmalı və hər zaman nəzarətdə olmalıdırlar. Bundan başqa iddia edilir ki, Səüdiyyə Ərəbistanında təhsil alan tələbələrdə tam nəzarətdə olmalıdırlar.
Yenizaman Analitik Xidməti
.