"Bizim əsas məqsədimiz enerji təchizatı sahəsində iştirak edən tərəflər arasında münasibətlərdə şəffaflığın təmin olunmasıdır".

Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropa Komissiyası bununla bağlı yeni qərarlar qəbul edib.

"Avropa İttifaqı ölkələri istənilən enerji təchizatı məsələlərini Avropa Komissiyasının qərarlarına uyğun olub-olmadığını yoxlayır. Hər hansı bir təchizatçı yeni öhdəliklər əsasında bu və digər ölkənin ərazisində 40%-dən çox enerji təchizatını həyata keçirirsə, bu sahədə həmin təchizatçının bağladığı saziş Avropa Komissiyasına yoxlanılmaq üçün təqdim edilməlidir. Bu, o deməkdir ki, Avropa Komissiyasının qərarı vacibdir. Ən vacib məqam isə odur ki, biz enerji təchizatımızın şaxələndirilməsi istiqamətində işləyirik. Buna görə də bu gün biz burdayıq. Bu layihə üzərində fəal işləyirik. Eyni zamanda, qlobal bazarlara çıxışın təmin edilməsi üçün sıxılmış maye qaz terminal şəbəkəsi üzərində də işləyirik. 2020-ci ildə "Cənub Qaz Dəhlizi" Avropanı enerji ilə təmin etməyə başlayanda biz enerji təhlükəsizliyi baxımından özümüzü daha etibarlı hiss edəcəyik".

"Mən təsdiqləyə bilərəm ki, biz Türkmənistan hökumətinin nümayəndələri ilə təmaslar qururuq və Trans-Xəzər boru kəmərinin inşası ilə bağlı bizə mandat həvalə edilib".

Bunu da A Şevçoviç deyib.

Onun sözlərinə görə, hazırda Türkmənistan qaz ehtiyatlarını və Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir: "Bu gün isə türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqların marağını görürük və şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsinə bizə dəstək olur”.

M. Şevçoviç bildirib ki, bununla bağlı Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev ilə də danışıqlar aparılıb və razılığa gəlinib.

"Bugünkü iclas çərçivəsində əvvəlki illərlə müqayisədə "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində icra olunan işlərin qiymətləndirilməsini apardıqda görürük ki, nəzərdə tutulan tədbirlər qrafikə uyğun aparılır".

Bunu da pz növbəsində Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti qeyd edib.

Onun sözlərinə görə, görülən işlərin nəticəsində bu ilin ortalarında Azərbaycandan Türkiyəyə ilk qaz çatdırılacaq.

"2020-ci ildə isə Azərbaycandan Avropaya qaz nəqli baş tutacaq. 2018-ci il mühüm il olacaq. 2020-ci ildə Azərbaycandan Avropaya qaz nəql olunması Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu layihə strateji əhəmiyyətə malikdir. Avropada infrastrukturla məşğul olan qurumlar bu layihəyə dəstəklərini ifadə ediblər. Əslində bu layihənin həyata keçirilməsinə başlanan andan Cənubi Avropada yerləşən ölkələrlə işləyərkən çalışmışıq ki, onlar da "Cənub Qaz Dəhlizi"nə qoşulsunlar. Buna görə də biz məmnunluqla qeyd etdik ki, ümumi maraqdan danışanda söhbət ancaq Balkanlardan yox, digər ölkələrdən də gedir. Məsələn, Bolqarıstran və Rumıniya da bu layihəyə qoşulmaq arzusunu bildirib. Layihənin maliyyələşdirilməsi üçün maliyyə strukturları da fəal iş aparır. Nəticədə ötən ilin oktyabrında Avropa Yenidənqurma və inkişaf Bankı TANAP-a 500 milyard avro həcmində maliyyə ayırıb. Bir neçə gün öncə isə Avropa İnvestisiya Bankı layihəyə 1,5 milyard avro kredit ayırıb. Enerjiyə olan tələbat Avropanın sərhədləri ilə məhdudlaşmır. Digər ərazilər də bura daxildir. Biz yalnız bu halda enerji mənbələrinin diversifikasiyasından danışa bilərik".

.