Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov multimodal daşımalarında vahid elektron bəyannamənin tətbiqinə keçidin əhəmiyyətini açıqlayıb.
Dövlət Gömrük Komitəsinin sədri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib ki, multimodal daşımalarında vahid elektron bəyannamə prinsipi çox vacib addımdır.
Şahin Bağırov qeyd edib ki, multimodal daşımalar bir neçə nəqliyyat növünü – məsələn, dəniz, dəmir yolu və avtomobil nəqliyyatını əhatə edir və hər bir nəqliyyat növü üzrə fərqli bəyannamə və sənədlər tətbiq olunur. Dünyada da bu praktika mövcuddur: daşımaların xüsusiyyətinə, həcminə və tutumuna görə müxtəlif sənədləşmə formaları istifadə edilir. Lakin digər nəqliyyat növünə keçid zamanı əlavə sənədlərin tələb olunması prosesləri mürəkkəbləşdirir. Bu baxımdan vahid elektron bəyannamənin tətbiqi xüsusi əhəmiyyət daşıyır: “Konteynerlərin bir nəqliyyat növündən digərinə ötürülməsi zamanı əlavə sənəd tələbinin aradan qaldırılması tranzit daşımaların sürətini artıracaq, keyfiyyətini yüksəldəcək və logistik prosesləri sadələşdirəcək. Bu, eyni zamanda tranzit dəhlizlərinin cəlbediciliyini artıracaq və ölkənin tranzit potensialına müsbət təsir göstərəcək. Nəticə etibarilə, sadələşdirilmiş prosedurlar 2026-cı illər üzrə tranzit imkanlarının genişlənməsinə töhfə verəcək”.
Dövlət Gömrük Komitəsinin sədri nəzərə çatdırıb ki, son illərdə isə Avropa İttifaqı və ona qonşu ölkələr kompüterləşdirilmiş tranzit sisteminə keçid ediblər: “Bu sistem çərçivəsində bir ölkədə tərtib olunan elektron sənəd digər ölkələrdə də tanınır və əlavə sənəd tələb olunmur. Məsələn, Azərbaycanda rəsmiləşdirilmiş elektron bəyannamə marşrut boyu digər ölkələrdə də istifadə edilə bilər. Bu yanaşma əlavə xərcləri, depozit və təminat tələblərini aradan qaldırır və prosesləri sürətləndirir. Eyni qayda ilə xarici ölkələrdən Azərbaycana gələn yüklər üçün də tətbiq olunan sənədlər tranzit sənədi kimi istifadə edilə bilər. Bu, logistika zəncirində fasilələrin qarşısını alır və yüklərin daha operativ daşınmasını təmin edir. Artıq Gürcüstan, Türkiyə və Moldova kimi ölkələr bu sistemi tətbiq etməyə başlayıblar ki, bu da regionda inteqrasiyanı sürətləndirir. Bu mexanizmlər həm ixrac potensialının genişlənməsinə, həm də tranzit imkanlarının artmasına xidmət edir. Azərbaycanın coğrafi mövqeyi və son illərdə baş verən geosiyasi dəyişikliklər ölkənin tranzit rolunu daha da gücləndirir. Bu baxımdan nəqliyyat və logistika infrastrukturunun inkişafı paralel şəkildə aparılmalıdır. Elektronlaşma və rəqəmsallaşma tranzit əməliyyatlarında risklərin əvvəlcədən qiymətləndirilməsinə də imkan yaradır. Məsələn, hər hansı yük ölkəyə daxil olmamışdan əvvəl onun risk səviyyəsi müəyyən edilə bilər. Bu isə fiziki yoxlamaların sayını azaldır və resurslardan daha səmərəli istifadəni təmin edir. Bununla yanaşı, infrastruktur imkanlarının genişləndirilməsi də vacibdir. Keçid məntəqələrində darboğazların aradan qaldırılması, yeni sərhəd-keçid məntəqələrinin tikintisi və mövcudlarının modernləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir. Əks halda rəqəmsallaşma ilə fiziki infrastruktur arasında uyğunsuzluq yarana bilər”.
Dövlət Gömrük Komitəsinin sədri vurğulayıb ki, ümumilikdə, həyata keçirilən bu islahatlar tranzit daşımaların rəqəmsallaşdırılması, sadələşdirilməsi və beynəlxalq sistemlərlə uyğunlaşdırılması baxımından strateji əhəmiyyət daşıyır: “Bu dəyişikliklər Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək”.
.
