Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid İbrahim Abdullah əs-Süleym Azərbaycandakı vəhhabilərin onun ölkəsindən maliyyələşdirildiyinə dair səslənən fikirlərə sərt şəkildə etiraz edib. Səfirin bununla bağlı Modern.az saytına göndərdiyi etiraz məktubunda bildirilir ki, bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin söylədikləri onun krallığına qarşı yönəlmiş absurd və böhtan xarakterli fikirlərdir. Səfir qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığı dünyanın heç bir ölkəsinin daxili işlərinə qarışmır və heç bir radikal, ya da terrorçu qrupu bu və ya digər şəkildə dəstəkləmir. Əksinə, Səudiyyə Ərəbistanının özü dünyada terrordan ən çox əziyyət çəkən bir ölkə kimi bütün beynəlxalq təşkilatlar çərçivəsində terrorizmlə mübarizəyə dəstək verərək, bu bəlanın qarşısının alınması və onunla mübarizə işində mühüm refgional və beynəlxalq təşəbbüslərlə çıxış edir.
Qeyd edək ki, bir neçə gün öncə QMİ sədri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə son günlər Allahşükür Paşazadəyə qarşı yayılan kompramatlara münasibət bildirərkən bunların Azərbaycandakı vəhhabilər tərəfindən dövriyyəyə buraxıldığını vurğulayıb.
"Bu adamlara vəsaitin haradan ayrıldığı bilinir. Onlar birbaşa Səudiyyə Ərəbistanından maliyyələşir” Cavanşir Paşazadə deyib.
.
