Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

Qanuna əsasən, tikinti layihələrinin şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək.

Bu tələb Tikinti və Şəhərsalma Məcəlləsinin qüvvəyə mindiyi gündən 8 il sonra  qüvvəyə minməli idi. Dəyişikliyə əsasən isə bu tələb Tikinti və Şəhərsalma Məcəlləsinin qüvvəyə mindiyi gündən 11 il sonra qüvvəyə minməlidir. Beləliklə, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 2023-cü ildə qüvvəyə minəcək.

Qeyd edək ki, Məcəlləyə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir:

  -  layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda;

 - tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda.

.