“Azərbaycan və Rusiya arasında hər iki ölkənin münasibətləri üçün xarakterik olan sıx idman əlaqələri qurulub”.

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın idman nazirinin MDB ölkələrinin səfirləri ilə görüşündə çıxışı zamanı deyib.

Azərbaycan səfiri iştirakçıları MDB-nin yubileyi münasibətilə təbrik edib və Birlik üzvü olan dövlətlərə ümumi məqsəd və vəzifələrə çatmaqda uğurlar arzulayıb. O, Azərbaycan ilə Rusiya arasında uğurla inkişaf edən ikitərəfli əməkdaşlığı qeyd edib: “Hələ 2018-ci ilin sentyabrında Soçidə dövlətlərimizin hökumətləri arasında idman sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. İki ölkənin idman federasiyaları və olimpiya komitələri arasında sıx qarşılıqlı əlaqə həyata keçirilir”.

“Azərbaycan həmçinin Formula 1 Avropa Qran Prisi, cüdo üzrə Dünya Çempionatı, bədii gimnastika üzrə Dünya Çempionatı kimi böyük idman yarışlarının keçirildiyi beynəlxalq məkana çevrilib. 2015-ci ildə Bakı tarixdə ilk dəfə Avropa Oyunlarına ev sahibliyi etdi. Yarış çox uğurlu alındı, xüsusilə oyunların açılış və bağlanış mərasimləri parlaq təsir bağışladı və yaddaqalan oldu. Bunun sayəsində Azərbaycan inkişaf etmiş idman infrastrukturu yaratdı və Azərbaycan əhalisi arasında əsasən gənclərdə idmana maraq artmağa davam edir”, - səfir sözlərini tamamlayıb.

.