Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus cümə axşamı keçirdiyi mətbuat konfransında 2014-cü ilin yanvar ayına qədər olan 135 nəfər siyasi məhbusun və ya siyasi motivlərlə həbs olunmuş şəxslərin siyahısını təqdim edib.
Onların 38-i "vicdan məhbusu”, 97-ı siyasi məhbusdur. Sözügedən 134 nəfərdən 116-ı mühakimə edilib, 6-ı istintaq altındadır. 12 nəfərin barəsində istintaq davam edir.
Repressiyalara məruz qalanlar arasında: jurnalistlər və blogerlər – 11 nəfər, hüquq müdafiəçiləri – 3, siyasətçilər -2, keçmiş məmurlar – 4, dindarlar -61 (Səid dadaşbəylinin qrupunun 10 üzvü də daxildir), qanunsuz olaraq ömürlük həbs edilənlər 21 nəfər və başqaları var.
L.Yunusun fikrincə, Azərbaycanda siyasi məhbuslar problemi 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yaranıb. Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə 21 öhdəlik götürüb. Bunlardan biri də siyasi məhbusların azad edilməsi və ya yeni məhkəmə proseslərinin keçirilməsidir.
Həmin vaxt ölkədə 716 siyasi məhbus olub. Onlardan 21 nəfəri indiyədək həbsdədir.
AŞPA-nən məruzəçisi Kristof Ştrasser siyasi məhbuslar problemi üzrə böyük iş aparıb. Lakin onun hesabatı ötən ilin yanvarında AŞPA sessiyasında Azərbaycan hökumətinin lobbiçiləri tərəfindən qəbul edilməyib. Həmin vaxt ölkədə cəmi 84 siyasi məhbus var idi və Ştrasserin sənədinin qəbul edilməməsi yeni repressiyalara yaşıl işıq yandırdı və bundan sonra siyasi məhbusların sayı 50 nəfər artdı.
L.Yunus buna görə AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramuntun üzərinə də məsuliyyət qoyub. Belə ki, o, Ştrasserin məruzəsinin müzakirəsi zamanı iki dəfə bunun əleyhinə çıxıb. L.Yunus Aqramuntu Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda ittiham edib, onu və digər məruzəçi Cozef Qreşi istefaya getməyə çağırıb.
Ötən ilə gəlincə, bu, repressiya ili olub. Demək olar ki, hər həftə fikrin ifadə olunmasına görə həbslər baş verib.
9 oktyabr prezident seçkilərindən sonra hakimlər siyasi sifariş yerinə yetirərək siyasi motivlərlə həbs olunanlara ciddi cəza veriblər.
İbtidai və məhkəmə istintaqı zamanı müttəhimlər amansız fiziki və psixoloji təzyiqlərə məruz qalırlar.
.
