
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir.
İyulun 15–16-da davam edəcək konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı kecirilir.
Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.
Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası, rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması mövzularında fikir mübadiləsi aparılacaq.
Konfransın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev, Milli Məclisin deputatı Tamam Cəfərova və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edəcəklər.
Konfrans iki əsas panel sessiyadan ibarət olacaq:
“Din-media münasibətləri: yeni hədəf və çağırışlar” adlı birinci panelə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov moderatorluq edəcək. Sessiyada “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov, “Milli.az” saytının baş redaktoru Elçin Alıoğlu, “Report İnformasiya Agentliyi” MMC-nin direktoru və Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Fuad Hüseynəliyev, həmçinin şair-yazıçı Şəhriyar Del Gerani mövzu ətrafında çıxış edəcəklər.
“Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” adlı ikinci panel Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğu ilə keçiriləcək. Paneldə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri və Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ayaz Mirzəyev, “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı, "Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin prezidentinin müşaviri, Əməkdar jurnalist Etibar Babayev və Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, "Amin" proqramının aparıcısı, fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Ötgün iştirak edəcəklər.
Konfrans çərçivəsində media nümayəndələri üçün Şamaxıdakı dini ibadətgahlara media-tur da təşkil olunacaq.
.