"Ona ayırdığım ömrü iki övladıma ayırmamışam”
Bu günlərdə "Yeni zaman” - "Novoe vremya” qəzetlərinin yaranmasından 20 il ötür. Yubileylə əlaqədar qəzetin redaksiyasında baş redaktor Şakir Ağayevlə geniş söhbət etdik.
- Öncə qəzetinizin yubileyini təbrik edirəm. 20 il qabaq yarananda bu günədək fəaliyyət göstərəcəyiniz ağlınıza gəlirdi?
- Təbrik üçün təşəkkür edirəm. Öncəliklə onu deyim ki, qəzetimizin yaranmasında, inkişafında, bu gün 20 illiyinin qeyd edilməsində xüsusi əməyi olan insanlar var ki, onlara minnətdaram. Professor Kamran Rüstəmov, qəzetin təsisçisi Musa Ağayev və qəzetimizin keçmiş, indiki əməkdaşlarının böyük zəhmətləri var. Bir sirr açım. Heç zaman düşünmürdüm ki, baş redaktor olacağam. Bütün sahələri düşünə bilərdim. İnanın ki, 20 il baş redaktor olacağıma heç vaxt inanmazdım. 20 il qəzetin fəaliyyət göstərəcəyini də düşünməzdim. Deyirdik ki, hara qədər davam etməyə gücümüz çatacaqsa, ora qədər gedəcəyik. Tarix üçün 20 il böyük zaman sayılmır. Amma mətbuat üçün belə deyil. Bu gün doğrudan da düşünürəm ki, 20 il keçib, mən baş redaktoram. Açığı, mətbuat bazarında bir boşluq hiss edib qəzeti təsis etdik. O zaman bütün qəzetlər siyasiləşmişdi, iqtidar və müxalifət düşərgələrini təmsil edirdilər. Biz qarşımıza məqsəd qoyduq ki, bitərəf orqan olacağıq. O dövrdə iqtidarı da, müxalifəti də tənqid edirdik. 20 il öncə Azərbaycan müxalifəti haqqında yazdığımız tənqidi fikirlər bu gün səslənir. Klassik mətbuat bir tarixdir. İlk çapından bu günə qədər qəzetimizin bütün sayları durur. İqtidarın çatışmazlıqlarını da tənqid edirdik. Müxalifət daxilindəki fikir ayrılıqları, birliyin olmamasını 20 il öncədən yazırdıq. O zaman mətbuat istənilən adamı lider edirdi. Biz başqa xətt tutmuşduq. Xalqın içərisindən gələn problemlərə əsas yer ayırırdıq. İqtidar və müxalifət düşərgəsindən hansına aid olmasına baxmayaraq, problem varsa, yazılmalıdır. İqtidar mətbuatı hər bir məsələni hakimiyyətin siyasətinə uyğun yazırdı . Müxalifətdə də birqütblük var idi. Ancaq Qərblə əməkdaşlığa üstünlük verir, Qərb dəyərlərinə üstünlük verirdilər. Zaman göstərdi ki, bu, doğru deyil. Biz Qərbin demokratiyasından, texnalogiyasından, elmindən, insan haqları ilə bağlı prinsiplərindən imtina etmədən yol tutduq ki, qonşularımız da var. Ermənistan istisna olmaqla, digər qonşularımızla normal siyasəti təbliğ etməyi əsas xətt olaraq götürdük. Dar düşüncəli insanlar bizi qınayırdılar. Bizdə bir dəb var: Azərbaycanın xeyrinə nəsə bir iş görən kimi ona damğa vurmağa başlayırlar. Biz sübut etdik ki, Rusiya kimi böyük dövlətlə xoş münasibətlər qurmaq lazımdır.
Deyim ki, gözləmədiyimiz halda 5-6 ayda böyük bir oxucu kütləsi topladıq. O dövrdə bizim düşüncədə olan insanlar az deyildilər və məhz o insanlar daimi oxucularımıza çevrildilər. Təzə açılmış bir mətbu orqanı artıq böyük tədbirlərə dəvət edirdilər. 2007-ci ildə bizi Amerikaya sizin baş redaktorunuz Rauf Arifoğlunun da olduğu tədbirə dəvət etdilər. Bu meydana atılmış bir qəzet üçün böyük uğur idi. 20 il baş redaktor olmaq özümə də qəribə gəlir. Yəqin ki, estafeti təhvil verməyin zamanı da yaxınlaşır.
- Varisiniz varmı?
- Bəli, gənc bir kadrımız var. O getdikcə daha yetkin olur. Bu gün texnologiyanı bizdən də yaxşı bilir. Təbiidir. Onlayn versiyanı bizdən yaxşı bilir. Mənə xoş gəlir ki, əməkdaşlarımıza mövzu vermək istəyəndə o məndən qabaq mövzunu verir. Bəzən elə olur ki, bizdən də operativ davranır. Bu da məni çox sevindirir. Demokratik düşüncəli insanam. Gənc nəslə yol açmaq lazımdır. Bir insan 20 ildə etdiyini edir. Gənc nəsil müasir dövrün tələblərinə uyğun hərəkət edir. Təbii ki, səhəri gün baş redaktorluqdan getmirəm (Gülür). İstirahətimizə böyük ehtiyac var. Qəzetçilik bir xəstəlikdir. Sən istəsən də, ondan ayrıla bilmirsən. Gəncsiniz, vaxt keçdikcə bunu siz də görəcəksiniz. Bu qəzet mənim üçüncü övladımdır. Ona ayırdığım ömrü inanın ki, iki övladıma ayırmamışam. 18 saat işdə oluram. Hətta qəzetdə bir problem olanda sənə elə gəlir ki, övladının harasısa ağrıyır, yaxud xəstələnib. İlk gündən buna belə baxmışam. Sağlam övladın sağlam gələcəyi var. Qəzetimiz doğulanda sağlam doğulub. Bunun üçün 20 illik ömrümüz var. Zaman-zaman az problemlər yaşamamışıq. Bunların öhdəsindən gələ-gələ bu günlərə gəlib çıxdıq.
- Məcazi mənada üçüncü övladınızı oğlunuza əmanət edərsinizmi? Varis o olmasın?
- Oğlum Sankt-Peterburq İqtisad Universitetini qırmızı diplomla bitirib. Dövlət xətti ilə getmişdi. Üç dil bilir. Bu gün qəzetimizdə işləyir. Təbii ki, öhdəsindən gələ biləcəksə, baş redaktor olacaq. Bacarığı olmasa, demək olmayacaq. Oğlumdur deyə baş redaktor olmalıdır kimi prinsip mənə yaddır. 20 ildir yetişdirdiyim övlad elə əllərə verilməlidir ki, kənardan baxanda fəxr edim. Bu gün hələ ki, oğlum işlərinin öhdəsindən gəlir. Amma unutmayaq ki, mətbuat işi asan deyil. Oğlumun 27 yaşı var və 6 yaşından redaksiyaya gəlir. Yaşayışımı görə-görə böyüyüb. Bunu qəbul edəcəksə, baş redaktor ola bilər. Bu gün işlərimiz getdikcə çətinləşir. Onlayn mətbuat, sosial şəbəkələr üzə çıxandan vəziyyət ağırlaşıb. Bu yükü çiyninə götürməyi bacarmaq lazımdır.
- Qəzetin ilk sayının manşetini xatırlayırsınız?
- Öz yazım olmuşdu. Cəmiyyətə bir mesaj yollamışdıq ki, biz gəldik, yarandıq. Məqsədimizi də çatdırdıq. Bu yazı təbii idi. Çünki gəlirdiksə, təqdimat verməli idik. O zaman mətbuat orqanları kifayət qədər çox idi. Qəzetimizdə məşhur simalar işləyiblər. Aparıcı rusdilli yazarlar qəzetə yazılar yazıblar. Sadəcə, ad ona görə çəkmirəm ki, kimisə unuda bilərəm. Ölkəmizdə iki dildə gündəlik qəzeti ilk dəfə biz buraxmışıq - 2004-cü ilə qədər. Sadəcə, mətbuatda 15 il öncə maliyyə baxımından müəyyən durğunluq yarandı və nəticədə ağır seçim etməli olduq. 50-yə yaxın işçimiz var idi. Onların bəzilərindən ayrılmaq çox çətin oldu. Rus dili versiyasını ona görə saxladıq ki, bu versiyanın oxucuları daha diqqətlidir. Daimi oxucu qəzetə daha çox bağlı olur. O vaxt mətbuatda rusdilli orqanlar da çox az idi. Onu da qeyd edim ki, bu dildə yazılan yazılar dünyada daha çox oxunur. Bu da təbiidir. Qarabağ kimi problemimizi dünyaya çatdırmaq üçün də rusdilli orqanlara ehtiyacımız var idi. Məhz bu səbəblərdən rus dilini seçdik. Bu gün həftədə ən azı, iki dəfə Qarabağdan yazı yazırıq, təhlillər aparır, analitik yazılar dərc edirik. Rus dilini saxlamağımıza peşman deyiləm. 20 ildir fəaliyyət göstəririksə, daimi oxucu kütləsi toplaya bilmişiksə, bizə ehtiyac varsa, demək seçimimiz doğru olub.
"1992-ci ildəki hakimiyyət çevrilişi Azərbaycana böyük zərbə vurdu” |
- 20 il öncəki mətbuatla indikini müqayisə etsək, fərqlər çoxdumu?
- Çox fərqlər var. 20 il öncə mətbuata daha çox həvəs var idi. Bu da səbəbsiz deyildi. Bəzən gecə saat 3-4-ə qədər iş yubanırdı. İnsanlar gözləyirdilər ki, qəzet çıxmalıdır. Fanatizm mövcud idi. Texniki imkanlar isə indiki kimi deyildi. Tənqid daha çox idi. Cəmiyyətdə tənqidə böyük tələbat var. Söhbət söyüşdən, təhqirdən, böhtandan getmir. İnsanlar o zaman sərbəst sürətdə fikirlərini yaza bilirdilər. Amma indi belə deyil. Senzura ölkəmizdə ləğv olunub. Amma əminliklə deyə bilərəm ki, hər bir baş redaktorun daxilində özünə qarşı bir senzura var. Bunu da obyektiv və subyektiv səbəbləri mövcuddur. Özünün-özünə olan senzuran yazılara olan marağı azaldır. Biz indi də tənqidi yazılarımızı yazırıq. Amma təbii ki, o dövrdəki kimi deyil. 20 il öncəki reklam indi yoxdur. O dövrdə həm də mətbuata daha çox müraciət olunurdu. Mətbuata çox böyük inam var idi. Doğrudur, onlayn media daha güclənib. Lakin unutmayaq ki, sosial şəbəkələr mətbuat deyil. Təhqir, söyüş nə zamandan mətbuat olub? Sosial şəbəkələri zibil yeşiyinə döndəriblər. Biz insanların problemlərini daim işıqlandırırıq. Bəzən olur ki, onların problemləri həll olunur, təşəkkürlərini bildirirlər. Amma onu da deyim ki, insanlarda bir düşüncə də var ki, mətbuat yazan kimi problem həll olunacaq. Bu düzgün yanaşma deyil. Mətbuat sadəcə, çatdırır.
- Ən çox tirajınız nə vaxta təsadüf edib?
- 2007-08-ci illər arası təxminən 10 minə qədər tirajımız olub. Təkcə rus variantından söhbət gedir. Rusdilli media üçün bu çox böyür tiraj sayılırdı. Son illərdə Azərbaycanda rus sektorlarının sayı artıb, bu dilə meyl güclənib. 1992-ci ildə düşünülməmiş şəkildə rus dilinə bir təpki var idi. AXC hakimiyyətə gəlmişdi və rus sektorlarının bağlanması tələbləri səslənirdi. İş orasındadır ki, bunu meydanda deyən insanların çoxunun övladları rus sektorunda oxuyurdu, bu dildə kitablar axtarırdı. İstənilən vaxt bu kimin uşağıdır, adını çəkə bilərəm.
- Nə üçün indi ad çəkmirsiniz?
- Çəkim də. Məsələn, İsgəndər Həmidovun oğlu rus dilində təhsil alırdı. Övladına rus sektorundan kitab axtarırdı. Amma meydanda çıxıb deyirdi ki, heç kim rus dilində danışmamalı, təhsil almamalıdır. Hətta bəziləri Moskva Dövlət Universitetini bitirmişdilər. Bu dil pis idisə, niyə oxuyurdunuz? İnsanların psixologiyasında bu düşüncəni yaratmışdılar ki, rus dilini bilmək ayıbdır.
- Bu mühitin yaranmasında birbaşa AXC hakimiyyətini günahkar sayırsınız?
- Əlbəttə, onlar günahkar idilər. Biz hamımız xalq hərəkatında iştirak etmişik. Bu da Topxanadakı hadisələrlə bağlı idi. Təəssüf ki, sonralar bu hakimiyyət davasına çevrildi. Hərəkatda iştirak edənlərin bir çoxu mənimlə bir yerdə oxuyublar. Etibar Məmmədov oxuduğum fakültədə laborant işləyirdi. Qüdrət Həsənquliyev, Fazil Mustafa və Əli Kərimli ilə eyni binada təhsil alırdıq. Cəmil Həsənli, Musa Qasımlı mənə dərs deyib. Mənim fikrimdir, 1992-ci ildəki hakimiyyət çevrilişi Azərbaycana böyük zərbə vurdu. Bu çevriliş daha çox itkilər verməyimizə səbəb oldu. Bu bir faktdır. Heç nədən çəkinmədən bunları deyirəm.
- Şayiələr dolaşırdı ki, Ayaz Mütəllibovla bağlılığınız var. AXC hakimiyyətinə qarşı bu münasibət sübut deyilmi?
- Biz Ayaz Mütəllibovun ilk prezident kimi Azərbaycana qayıtmasını istəmişik. Onun xaricdə yaşamasını düzgün saymamışıq. Necə fəaliyyət göstərib-göstərmədiyi başqa mövzudur. Eks-prezidentlərlə bağlı qanun qəbul olundu və ölkəyə qayıtdı. Dövlət onu hər şeylə təmin edib. Universitetdə komsomolun katibi işləyirdim. Əli Kərimli də komsomol katibi idi. Baxmayaraq ki, hamısı çıxıb Kommunist partiyasını, komsomolu söyürdülər. Amma vəzifələrindən getmək fikirləri yox idi. 1992-ci illə bağlı fikirlərim əsassız deyildi. Həmin ildə Xocalı faciəsi yaşadıq.
(Davamı gələn sayımızda)
Cavanşir ABBASLI,
"Yeni Müsavat”