21 il bundan əvvəl 2003-cü il oktyabrın 15-də İlham Əliyev 79,46 faiz səs toplayaraq ilk dəfə prezident seçkilərində qalib gəlib.
İlham Əliyev hakimiyyətə gəldikdən sonra müasir Azərbaycanın memarı olan atası Heydər Əliyevin siyasi xəttini qətiyyətlə davam etdirdi. Ölkədə iri neft-qaz layihələri həyata keçirilib, 2,7 milyondan çox daimi iş yeri açılıb, 3 minə yaxın məktəb və digər sosial obyektlər tikilib.
Təbii ki, İlham Əliyevin ölkə rəhbəri kimi əsas nailiyyəti Qarabağın qaytarılması olub. Prezident 17 oktyabr 2023-cü ildə Qarabağ məsələsinin yekun olaraq bağlandığını elan edərək, 2026-cı ilin sonuna kimi Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə 140 min insanın yaşayacağını bildirib.
Hazırkı prezidentin nailiyyətləri sırasında torpaqlarımızın geri qaytarılmasını mümkün edən balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsini qeyd etmək vacibdir. Bakının əsas tərəfdaşları siyahısında hazırda Türkiyə, Pakistan, Orta Asiya ölkələri və Rusiya yer alır.
Beynəlxalq arenada istənilən təmasda Azərbaycan çoxvektorlu strategiyaya sadiqdir və xarici oyunçulara qarşı müstəqilliyini qoruyub saxlayır. Ölkəmiz həm də regional qonşuları ilə fəal əməkdaşlıq etməklə beynəlxalq birliklərə inteqrasiya olur.
Xüsusən də Müstəqil Dövlətlər Birliyindəki tərəfdaşlarımızla çoxşaxəli əməkdaşlığı uğurla inkişaf etdiririk. Söhbət həm də birgə humanitar layihələrin həyata keçirilməsindən gedir. Belə ki, gələn il III MDB Oyunları Gəncədə keçiriləcək. Bundan əlavə, həmin il Laçın şəhəri Birliyin mədəniyyət paytaxtı statusu alacaq.
Ötən həftə İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak edib. Tədbir çərçivəsində prezident rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb. Görüşdə o, İlham Əliyevi oktyabrın 23-24-də Kazanda keçiriləcək BRİKS sammitinə şəxsən dəvət edib. Xatırladaq ki, yayın sonunda Azərbaycan Çin, Hindistan və Rusiya da daxil olmaqla 10 ölkədən ibarət bu dövlətlərarası birliyə qoşulmaq üçün müraciət edib.
Azərbaycan əhalisi İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyir. Xalqın hazırkı liderə inamını onun bu ilin fevralında keçirilən prezident seçkilərində yenidən qalib gəlməsi – seçicilərin 92%-dən çoxunun ona səs verməsi sübut edir.
Təəccüblü deyil ki, bu nəticə ABŞ və Aİ-ni narazı saldı. Demokratik Qurumlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyası səsvermənin “məhdud azadlıqlar şəraitində” keçirildiyini bəyan edib. Qərb aktyorlarının nəzarətində olan qondarma Azərbaycan Vətəndaş Koalisiyasının müxalifətçiləri də plebisitin legitimliyinə etiraz etməyə çalışıb.
Lakin Qərb oyunçularının və onların marionetlərinin növbəti hücumları dövlət başçısının seçdiyi kursla getmək əzmini dəyişmədi. “Bizimlə ikitərəfli formatda əməkdaşlıq etmək istəyinə ikiqat istəklə cavab verərik. Amma kimsə bizə nəyisə diktə edə biləcəyinə, əsassız olaraq nəyisə ittiham edə biləcəyinə, hər hansı vasitə ilə bizi ləkələyə biləcəyinə inanırsa və bunun müqabilində heç nə olmamış kimi bizimlə dostluğumuzu gözləyirsə, bu, yanlış fikirdir” – İlham Əliyev bunu Milli Məclisin VII dövrünün ilk iclasındakı çıxışında xüsusi olaraq vurğulayıb.

H.AĞAZADƏ
.